İQTİSADİYYAT
Azərbaycan və Qabon gömrük xidmətləri əməkdaşlıq əlaqələrinin yaradılmasına dair saziş layihəsi imzalayacaqlar
Bakı, 29 yanvar, AZƏRTAC
Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma nazirinin müavini xanım Marie-Julie Bloqo-Bi-Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilib. Görüşdə hər iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılması üçün bütün imkanlardan maksimum yararlanmağın vacibliyi vurğulanıb və bu məqsədlə yaxın perspektivdə müvafiq saziş layihəsinin imzalanacağı qeyd edilib.
Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar. Nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalı, Kinoloji Mərkəzi, “Azərterminalkompleks” Birliyi, Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzi, eləcə də bu təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə baş çəkib.
Qonaqlar Bakı Baş Gömrük İdarəsi, “İpək Yolu” yük terminalı və Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Bununla da Qabon nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.