MƏDƏNİYYƏT
“Azərbaycan xalçaları” jurnalının yeddinci nömrəsi çapdan çıxmışdır
Bakı, 13 iyun (AZƏRTAC). “Azərbaycan xalçaları” elmi-bədii jurnalının yeddinci nömrəsi nəşr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində də Azərbaycan xalçaçılığına dair mühüm xəbərlər, orijinal tədqiqat əsərləri və müsahibələr yer almışdır. Nəşrdə tərtibatına və rəng çalarlarına görə seçilən və bütün dünyada məşhur olan xalçalarımızın fərdi xüsusiyyətləri, özünəməxsus cəhətləri tədqiq olunur.
Oxucular jurnalın bu nömrəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı “Zəmanəmizin böyük şəxsiyyəti” sərlövhəli məqalə ilə tanış olacaq, mədəniyyət xəbərləri, Şirvan və Qarabağ xalçaları haqqında ətraflı məlumatlar əldə edəcəklər.
Tanınmış xalçaçı-rəssam Aydın Rəcəbovla müsahibə, jurnalın əməkdaşının Borçalı mahalından səfər təəssüratları, dünyanın möhtəşəm xalçaları ilə bağlı məqalələr də oxucuların marağına səbəb olacaqdır.
Nəşrdə Azərbaycan xalçalarındakı simvolların, elementlərin açıqlanmasına da geniş yer ayrılmışdır. Bu dəfə bənzərsiz Qarabağ xalçalarındakı işarələr müəyyənləşdirilmiş və mənalandırılmışdır.
Bütün bunlarla yanaşı, “Azərbaycan xalçaları” jurnalı ötən sayından etibarən oxucularına yeni layihə də təqdim edir. Azərbaycanda ilk dəfə olaraq xalçaçılıq sahəsində tanınmış Avropa mütəxəssislərinin əsərləri Azərbaycan dilinə tərcümə edilərək jurnalda dərc edilir. Növbəti dəfə “Xalçaçılığa dair tərcümələr” rubrikasında Ulrik Şurmanın “Qafqaz xalçaları. Qafqazda xalça toxuma sənətinin müfəssəl təqdimatı. 160 rəngli tablo” adlı əsəri təqdim olunmuşdur.
Nəfis tərtibatlı jurnalda, həmçinin xalçaçılıqla bağlı olan digər sənət sahələrinə dair mühüm xəbərlər, orijinal tədqiqat əsərləri və müsahibələr də yer almışdır.
Azərbaycan xalçalarını təbliğ etmək, onun dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaq məqsədilə üç dildə nəşr edilən jurnalın baş redaktoru professor Vidadi Muradovdur.