AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ PAKİSTANDA QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə İslamabadın “Marriott” mehmanxanasında bayram tədbiri təşkil etmişdir. Tanınmış ziyalıların, dövlət və hökumət adamlarının, diplomatların, mətbuat nümayəndələrinin, ictimai xadimlərin, burada yaşayan və işləyən soydaşlarımızın iştirak etdikləri tədbirin keçirildiyi salon Azərbaycan bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan dövlətinin banisi Məhəmmədəli Cinnahın, prezidentlər İlham Əliyev və Pərviz Müşərrəfin portretləri ilə bəzədilmiş, Azərbaycanın füsunkar gözəlliyini təcəssüm etdirən fotostendlər yerləşdirilmiş, mərasim boyu xalq musiqisi səsləndirilmişdir.
Mərasimdə ali qonaq kimi iştirak edən Pakistanın müdafiə naziri Çoudri Əhməd Muxtar Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə xoş arzularını bildirmiş, bugünkü müstəqil Azərbaycan dövlətini xalq cümhuriyyətinin ləyaqətli davamçısı kimi xarakterizə etmişdir. Qonaq Azərbaycan xalqını və Prezidentini Pakistan xalqı və rəhbərliyi adından təbrik etmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illik yubileyləri münasibətilə səfirliyin hazırladığı sərgi mərasim iştirakçılarının marağına səbəb olmuşdur. Qonaqlara “Heydər Əliyev: Azərbaycanın milli rəhbəri” kitabı, “Liberty” jurnalının və “Pakistan Observer” qəzetinin xüsusi buraxılışı təqdim olunmuşdur.
Ölkənin müxtəlif təşkilat və idarələrindən, dövlət qurumlarından səfirliyə təbrik məktubları daxil olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə tədbirdən hazırlanmış geniş materiallar və fotoşəkillər “Nation”, “Pakistan Observer”, “Çəng” və digər nüfuzlu qəzetlərdə “Azərbaycan milli gününü bayram etdi” başlığı altında dərc edilmişdir.
######
