AZƏRBAYCAN XİN-İN BAŞÇISI SOFİYADA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bolqarıstanda ikigünlük rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin rəhbərliyi ilə görüşlərində ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etmişdir. Danışıqların əsas mövzusu enerji sahəsində, o cümlədən Xəzər regionundan Avropaya qaz nəqlini nəzərdə tutan Nabukko layihəsində iki ölkənin qarşılıqlı fəaliyyəti məsələləri olmuşdur. Nazir E.Məmmədyarov aprelin 18-də bolqarıstanlı həmkarı İvaylo Kalfinlə birgə mətbuat konfransında məsələni şərh edərək bildirmişdir ki, bir neçə dövlətin iştirak etdiyi Nabukko mürəkkəb, perspektivli layihədir və Azərbaycan onun həyata keçirilməsinə qoşulmağa hazırdır.
İvaylo Kalfin qeyd etmişdir ki, ölkələrarası münasibətlərin, o cümlədən iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Bolqarıstanın xarici işlər naziri energetika sahəsində dialoqun bütün texniki məsələləri razılaşdırmalı olan işçi qruplar səviyyəsinə keçirildiyini də vurğulamışdır.
Bolqarıstanla Azərbaycan arasında dəmir yolu xəttinin yaradılması, Qara dəniz yolundan fəal istifadə olunması, Qara, Xəzər və Baltik dənizlərini birləşdirən nəqliyyat şəbəkəsinin təşkili barədə razılıq əldə olunmuşdur.
Nazir E.Məmmədyarov Qarabağ məsələsində dəstək göstərdiyinə görə Bolqarıstana minnətdarlığını bildirmişdir. Dövlətlərin ərazi bütövlüyünün etnik şərtlərdən asılı vəziyyətə düşməsinin yolverilməz olduğunu vurğulayan Kalfin ərazi problemlərinin həllində presedent sayılmayan Kosovo məsələsinin unikal hal olduğunu bir daha təsdiqləmişdir.
Danışıqlar zamanı humanitar sahədə əməkdaşlığın genişləndirilməsi, mədəni əlaqələrin inkişaf etdirilməsi haqqında razılaşma əldə olunmuşdur.
Nazir E.Məmmədyarovun Prezident Georgi Pırvanovla görüşündə vurğulanmışdır ki, Bolqarıstan ilə Azərbaycanın əməkdaşlığı strateji xarakter daşıyır və bu əməkdaşlıq təkcə energetika sahəsində deyil, digər sahələrdə də genişləndirilməlidir.