Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında münasibətlər dəyişir və inkişaf edir VİDEO
Vaşinqton, 5 iyun, AZƏRTAC
Prezident Donald Trampın Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumu ABŞ-nin hazırda Azərbaycana tərəfdaş kimi necə müsbət baxdığının göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold deyib. Onun sözlərinə görə, zaman irəliləyir və iki ölkə arasında münasibətlər dəyişir və inkişaf edir.
“907-ci düzəliş Cekson-Venik düzəlişi kimi, uzun illərdir qanunvericilik tarixinin qalığıdır. Düşünürəm ki, bu, zamanla ləğv edilə bilər, amma qanunverici orqanın bütün üzvlərinin bunun nə olduğunu, niyə bu günlərdə tarixin qalığı olduğunu bilməsi üçün böyük bir səy tələb olunur. Bu, vaxt aparacaq, amma düşünürəm ki, mümkün ola bilər”, - deyə o bildirib
Ekpert, həmçinin “Bakı Enerji Həftəsi”ndə ABŞ-nin geniş nümayəndə heyəti ilə iştirakını xatırladıb.
“Onlar Bakıda ABŞ və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı ilə bağlı müzakirələr apardılar. Düşünürəm ki, gələcəkdə daha böyük tərəfdaşlıqlar qurmağa çalışdığımız üçün Azərbaycana böyük maraq var. Bütün bunlar çox müsbətdir”, - deyə Erik Rudenşold vurğulayıb.