Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb
Kiyev, 5 iyun, AZƏRTAC
Kiyevdə, Ukrayna Ali Radasında milli icmaların nümayəndələrinin Ali Rada sədrinin birinci müavini Aleksandr Korniyenko ilə işgüzar görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Nataliya Naumenko, Ukrayna Xarici İşlər Nazirliyinin, Nazirlər Kabinetinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri, xalq deputatları və ölkədə fəaliyyət göstərən milli icmaların təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycan icmasını Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Aparat rəhbəri Xəyyam Dünyamalızadə təmsil edib.
Görüş zamanı miqrasiya siyasətinin aktual məsələləri, Ukrayna Nazirlər Kabinetinin 141 nömrəli sərəncamının tətbiqindən irəli gələn problemlər, sənədləşmə, müxtəlif kateqoriyadan olan şəxslərin hüquqi statusu və milli icmaların üzvlərini narahat edən digər məsələlər müzakirə olunub.
Xəyyam Dünyamalızadə Ukraynada yaşayan azərbaycanlıların üzləşdiyi bir sıra problemləri diqqətə çatdırıb. O, xüsusilə miqrasiya xarakterli məsələlərin, sənədləşmə prosedurlarında yaranan çətinliklərin, soydaşlarımızın qanuni hüquq və mənafelərinin müdafiəsi ilə bağlı mövcud problemlərin həllinin vacibliyini vurğulayıb.
Həmçinin Azərbaycan vətəndaşlarının ölkəyə girişində qarşılaşdığı problemlər, xüsusilə Moldovadan tranzit yolla Ukraynaya gələn zaman üzləşdiyi problemlər Xarici İşlər Nazirliyinin nümayəndəsinin diqqətinə çatdırılıb.
Müzakirələr zamanı dövlət qurumları ilə milli icmalar arasında əməkdaşlığın daha da gücləndirilməsinin, bütün vətəndaşlar üçün bərabər hüquq və imkanların təmin edilməsinin, eləcə də Ukraynada milli həmrəyliyin möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.