İQTİSADİYYAT
“Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı” hazırlanmışdır
Bakı, 26 yanvar (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı” və bu proqramın həyata keçirilməsi üçün tədbirlər planının ilkin variantı hazırlanmışdır. Yaxın müddətdə bu sənədlərin hökumətə təqdim edilməsi nəzərdə tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, ötən il əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20-yə, internet istifadəçilərinin sayı isə 65-ə bərabər olmuşdur. Bu göstərici 2010-cu illə müqayisədə 30 faiz çoxdur. Hazırda respublika üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür ki, bu da 2010-cu illə müqayisədə 2 dəfə çoxdur.