SİYASƏT
Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin qələbəsi Gürcüstanın Marneuli şəhərində sevinclə qarşılanmışdır
Marneuli, 11 oktyabr (AZƏRTAC). Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi münasibətilə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin iştirakı ilə yürüş keçirilmişdir.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bu qələbənin borçalıların böyük sevincinə səbəb olduğunu bildirmişdir. O demişdir ki, şəffaf və demokratik qaydada keçirilmiş seçkilərdə İlham Əliyev qalib gəlmişdir və bu, bütün azərbaycanlıların qələbəsidir.
Marneuli Rayon Məclisinin (Sakrebulo) üzvü Nuqzar İnauri qeyd etmişdir ki, Azərbaycan xalqının hər düzgün seçimi bizim ürəyimizcədir və gürcülər Azərbaycanın uğurlarına həmişə sevinmişlər. Oktyabrın 9-da keçirilmiş prezident seçkilərindəki bu düzgün seçim Azərbaycan xalqının növbəti uğurudur.
N. İnauri İlham Əliyevin Azərbaycanda və bölgədə sabitliyin qorunub saxlanılması üçün gördüyü işlərə toxunmuş, Azərbaycan ilə Gürcüstanın dostluğunun nümunə olduğunu vurğulamışdır.
Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Marneuli şəhərinin qocaman sakini Georgi Şukitidze və başqaları İlham Əliyevin qələbəsini regionda sabitliyin və dostluğun qələbəsi hesab etdiklərini bildirmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli