AZƏRBAYCANDA MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 20-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Misir mədəniyyəti günlərinin açılışı olmuşdur. Mədəniyyət günləri Misirin Bakıdakı səfirliyinin və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əliqismət Lalayev Azərbaycan ilə Misir arasında dostluq əlaqələrinin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etdiyini və ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirmişdir. Natiq mərasimin R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsinin də təsadüfi olmadığını vurğulamış və böyük sənətkar Rəşid Behbudovun xalqlarımız arasında mədəni əlaqələrinin inkişafındakı xidmətlərindən danışmışdır.
Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif Əhməd əl-Şarkavi qədim köklərə malik Misir-Azərbaycan dostluq əlaqələrinin ulu öndər Heydər Əliyevin 1994-cü ildə, Prezident İlham Əliyevin 2006-cı ildə Misirə tarixi səfərlərindən sonra daha sürətlə inkişaf etdiyini bildirmişdir. Səfir qeyd etmişdir ki, bu dostluğun və sevginin əlaməti olaraq Misirin görməli yerlərindən birində Heydər Əliyev parkı salınmış və həmin parkda ulu öndərin abidəsi ucaldılmışdır. Səfir Xırdalan şəhərində Hüsnü Mübarək bağının salınmasını və abidəsinin qoyulmasını yüksək qiymətləndirmişdir.
Misir Mədəniyyət Mərkəzinin rəhbəri Adel Dərviş mədəniyyət günlərinin proqramının zəngin olduğunu bildirmişdir. Azərbaycanda Misir mədəniyyəti günləri çərçivəsində dost ölkənin rəssamlarının əsərlərindən ibarət sərgilər açılacaq, incəsənət ustalarının konsertləri və digər mədəniyyət tədbirləri təşkil olunacaqdır. Bu cür tədbirlər Sümqayıtda da keçiriləcəkdir.
Tədbirin sonunda Misirin mədəniyyət ustaları konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycanda Misir mədəniyyəti günləri aprelin 23-dək davam edəcəkdir.
![]() |
![]() |

