ELM VƏ TƏHSİL
“Azərbaycanda tərəvəz bitkilərini yoluxduran virus xəstəlikləri” bukleti çapdan çıxmışdır
Bakı, 4 iyul (AZƏRTAC). AMEA Botanika İnstitutu tərəfindən “Elm” redaksiya, nəşriyyat və poliqrafiya mərkəzində AMEA-nın müxbir üzvü İradə Hüseynova, institutun əməkdaşı Nərgiz Sultanova, biologiya elmləri doktoru Ələmdar Məmmədov, akademik Cəlal Əliyevin birgə yazdıqları “Azərbaycanda tərəvəz bitkilərini yoluxduran virus xəstəlikləri” bukleti çapdan çıxmışdır.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, müasir dövrdə bitki xəstəliklərinə qarşı kimyəvi müdafiə vasitələrindən geniş miqyasda istifadə edilməsinə baxmayaraq, müxtəlif ziyanvericilərin və bitki xəstəliklərinin ölkə iqtisadiyyatına vurduğu ziyan durmadan artır. Digər tərəfdən, Azərbaycanda hər il tərəvəz bitkiləri yeni-yeni viruslarla yoluxur, bu da öz növbəsində böyük məhsul itkisinə səbəb olmaqla yanaşı, kənd təsərrüfatı bitkilərinin ümumi məhsuldarlığının keyfiyyətini xeyli aşağı salır. Bu baxımdan tərəvəz bitkilərinin virus xəstəliklərinin təsnifatını və onların əsas simptomlarını rəngli şəkillərlə geniş əks etdirən bukletin çapdan çıxması belə bir problemin həllinə yardımçı ola bilər.
Bukletdə biotik stress haqqında ümumi məlumat, virusların strukturu və müxtəlifliyi, müasir təsnifat sistemləri, bütün dünyada yayılmış top-virus xəstəlikləri, virus xəstəliklərinin müxtəlif tipləri və onların yayılma yolları əksini tapmışdır. Nəşrdə birzəncirli DNT-tərkibli genoma malik virus xəstəliklərinə xüsusilə böyük yer ayrılmış, həmçinin virus xəstəliklərinin iqtisadi əhəmiyyəti və onlara qarşı ilkin müdafiə tədbirləri də geniş təhlil edilmişdir.
Bukletin sonunda dörd il ərzində aparılan fitopatoloji monitorinqlərin nəticəsi olaraq, Azərbaycanda tərəvəz bitkilərini yoluxduran virus xəstəliklərinin əsas simptomlarını və bitki viruslarının müəyyən olunduğu əraziləri əks etdirən xəritə verilmişdir.
Yeni nəşr fitopatoloqlar, aqronomlar, fermerlər və kənd təsərrüfatı universitetlərinin tələbələri ilə yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.