İQTİSADİYYAT
AZƏRBAYCANDA VƏ REGİONDA İNTERNET XİDMƏTLƏRİNİN QİYMƏTLƏRİNƏ DAİR MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Bakı, 14 aprel (AZƏRTAC). Azərbaycanda internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir. Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşları tərəfindən region üzrə ADSL texnologiyasına qoşulmaqla internetə daxil olma tariflərinin araşdırılmasına dair aparılmış monitorinqlərin nəticələrində əks olunmuşdur.
Nazirlikdən bildirmişlər ki, Azərbaycanda ADSL texnologiyası vasitəsilə təqdim olunan internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir.
Monitorinqin nəticələrinə əsasən Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 meqabitədək (Mb) sürətlə limitsiz internet xidmətlərinə görə aylıq ödəniş 20 manatdan 50 manatadək təşkil edir.
Araşdırmaların nəticəsinə görə, Azərbaycanda digər sürətli internet xidmətlərinin orta qiymətləri də region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir.
Statistik məlumatlara görə, Azərbaycanda 30-dan çox internet servis provayderi fəaliyyət göstərir, ümumi internet istifadəçilərinin sayı isə əhalinin 41 faizini təşkil edir.
Son bir ildə genişzolaqlı internet tarifləri 5 dəfəyə qədər ucuzlaşdırılmış, nəticədə genişzolaqlı qoşulma istifadəçilərinin sayı 2 dəfə artaraq 80 minə çatmışdır.
“.az” domen zonasında domenlərin illik qeydiyyat haqqı 20 manat təşkil edir, domenlərin sayı isə 10 minə yaxındır. Ölkənin ümumi internet trafikinin həcmi (kanalın tutumu) - 10 giqabit (Gbit) saniyə təşkil edir.
Bundan əlavə bütün ölkə ərazisi tam telefonlaşdırılmışdır. 3 yaşayış məntəqəsi olan kəndlərdə belə ən azı 1 rabitə əlaqəsi mövcuddur. Bu da 171 (və ya 178) və 150 yığmaqla eyni şərtlərə uyğun olaraq regionlardan (hətta ucqar kəndlərdən) Aztelekom.net və Bakinter.net provayderinin DİAL UP internet xidmətinə qoşulmağa imkan verir. Bakıda və Gəncədə WiFi xidməti, Bakıda və Abşeronda isə WiMAX xidməti göstərilməkdədir. Bütün rayon mərkəzlərində CDMA texnologiyası ilə internetə çıxış imkanı mövcuddur.