SİYASƏT
AZƏRBAYCANIN BAŞ PROKURORU HÜQUQ MÜDAFİƏ TƏŞKİLATININ MONİTORİNQ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov yanvarın 8-də Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvləri – Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Zakir Qaralov ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi, köklü islahatların aparılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin prokurorluq orqanları ilə qeyri-hökumət təşkilatları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi barədə ətraflı məlumat vermişdir.
Səmimi qəbula, eyni zamanda, açıq və səmərəli əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edən hüquq müdafiəçiləri Azərbaycanda məhkəmə sistemi və prokurorluq orqanlarında həyata keçirilən islahatları və görülən işləri, onun müsbət nəticələrini təqdirəlayiq hesab edərək, təmsil etdikləri qurumun bu sahədə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Görüşdə qarşılıqlı münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilmiş, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.