SİYASƏT
Azərbaycanın BMT yanında daimi nümayəndəsi beynəlxalq konfransda çıxış etmişdir
Bakı, 30 noyabr (AZƏRTAC). Noyabrın 29-da Sankt-Peterburq şəhərində MDB Parlament Asambleyasının və Qazaxıstan Parlamenti Məclisinin birgə təşkilatçılığı ilə “Müasir dünyada nüvə təhlükəsizliyi, nüvə tərksilahı və yayılmamasında parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev konfransda BMT Təhlükəsizlik Şurasının (TŞ) 2004-cü il tarixli, 1540 saylı qətnaməsi əsasında təsis edilmiş nüvə tərksilahı üzrə Komitənin sədr müavini qismində məruzə ilə çıxış etmişdir.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, A.Mehdiyev Komitənin mahiyyəti və fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat vermiş, TŞ-nin müvafiq qətnaməsindən irəli gələn öhdəlikləri diqqətə çatdırmışdır. Məruzədə, həmçinin MDB dövlətlərinin nüvə silahları və digər kütləvi qırğın silahları ilə mübarizədə müşahidə olunan qabaqcıl təcrübəsi və potensial boşluqları qeyd olunmuşdur. Bu xüsusda qanunverici orqanların rolu və həyata keçirəcəkləri tədbirlərlə bağlı tövsiyələr verilmişdir.
Məruzə konfransın sədri tərəfindən yüksək qiymətləndirilmiş və təklif olunan tövsiyələr yekun sənəddə nəzərə alınmışdır.