SİYASƏT
Azərbaycanın Bolqarıstan mədəniyyətinə verdiyi töhfəyə görə bu ölkədəki səfirimiz fəxri fərmanla təltif edilib
Bakı, 12 noyabr, AZƏRTAC
Bolqarıstanın mədəni və tarixi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən, Bolqarıstanın arxeoloji incisi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasında Heydər Əliyev Fondunun böyük dəstək və töhfəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfiri fəxri fərmanla təltif edilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, mükafatlandırma mərasimi Bolqarıstan Respublikasının Vitse-prezidenti xanım İliana Yotovanın himayəsi altında noyabrın 11-də paytaxt Sofiya şəhərində keçirilmiş “Bolqarıstanın möcüzələri” adlı 2-ci Beynəlxalq Forum çərçivəsində baş tutub.
Mərasimdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dünya miqyasında həyata keçirdiyi humanitar layihələr, eləcə də Bolqarıstan xalqının mənəvi mərkəzi olan Trapezitsa arxeoloji kompleksinin Fond tərəfindən bərpası haqqında məlumat verib.
Səfir çoxmədəniyyətlilik və çoxkonfessiyalıq dəyərlərini daim uca tutan Azərbaycanın Bolqarıstanın mədəni irsinin qorunmasına töhfə verməsini ölkəmiz üçün qürur mənbəyi təşkil etdiyini və bunun ümumbəşəri mədəniyyət irsinə töhfə olduğunu vurğulayıb.
Qeyd olunub ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və qoruğun ərazisində yerləşən XIII – XIV əsrlərə aid üç kilsənin bərpasını özündə ehtiva edən layihə Heydər Əliyev Fondunun Balkan regionunda həyata keçirdiyi ən böyük mədəniyyət layihəsini təşkil edir. Regionda açıq səma altında ən böyük arxeoloji muzey kompleksi olan Bolqarıstan xalqının milli sərvəti - “Trapezitsa” qoruğunun bərpası məqsədilə Azərbaycan tərəfindən edilmiş dəyərli ianənin Azərbaycanın Bolqarıstana əsl dost münasibəti bəslədiyinin bariz nümunəsi olduğu diqqətə çatdırıb.
“Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun hazırda bütün dünyadan olan turistlərin məmnunluqla ziyarət etdiyi ən cəlbedici mədəni turizm məkanlarından birinə çevrildiyini qeyd edən səfir, bu layihənin iki ölkə arasında sıx dostluq körpüsü olduğunu bildirib.
Bu xüsusda, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin bu il sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdə “Trapezitsa” kompleksinin bərpası və inkişafında Azərbaycanın töhfəsini iki dövlət arasında səmimi dostluq münasibətlərinin olmasına işarə etdiyini bildirməsi bir daha mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən forumun təşkilatçıları, Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, həmçinin Veliko Tırnovo şəhərinin rəhbərliyi Bolqarıstanın mədəniyyət irsinə Azərbaycan tərəfindən edilmiş dəyərli töhfəni yüksək qiymətə layiq olduğunu bildirib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fonduna böyük minnətdarlıqlarını ifadə ediblər.