CƏMİYYƏT
Azərbaycanın inkişafı yolunda görülən işlər və həyata keçirilən layihələr təqdirəlayiqdir
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman ilə görüşmüşdür.
Görüşdə nazir FHN və onun strukturuna daxil olan qurumlar, nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, nazir həmçinin, hər iki ölkə arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərdən söhbət açmışdır.
Səfir hazırda Azərbaycanın inkişafı yolunda görülən işlərin və həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu qeyd etmiş, ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Görüşün sonunda qonaq nazirliyin Multimedia Mərkəzi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və əməliyyat otağının fəaliyyəti ilə yaxından tanış olmuşdur.