SİYASƏT
Azərbaycanın İtaliyadakı səfiri “İntelligo News” xəbər saytına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “İntelligo News” xəbər saytına verdiyi müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Problemin kökləri, onun nizamlanmasına dair danışıqlar prosesi barədə ətraflı məlumat verən səfir bildirib ki, hələ 1988-ci ildə başlayan gərginlik silahlı münaqişə ilə nəticələndi. Torpaqlarımızın 20 faizi işğal olundu və bir milyondan çox soydaşımız Ermənistandakı və Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşdü. BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına hələ də əməl olunmur. Bu silahlı münaqişə və işğal nəticəsində hazırda Cənubi Qafqaz regionunda vəziyyət gərgin olaraq qalır. Bu baxımdan, Azərbaycan və Ermənistan prezidentlərinin Fransa Prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə keçiriləcək növbəti görüşü böyük əhəmiyyət daşıyır.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayan V.Sadıqov bildirib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Münaqişənin dinc vasitələrlə nizamlanmasına tərəfdar olan Azərbaycan, eyni zamanda, torpaqlarını hərb yolu ilə də azad etmək hüququna malikdir. Bu, mövcud beynəlxalq münasibətlər təcrübəsi ilə tənzimlənən özünümüdafiə hüququ üzərində qurulmuş mövqedir.
Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma