REGİONLAR
Azərbaycanın Macarıstandakı səfirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 28-ci regional konfransı ilə bağlı mətbuat konfransı keçirilmişdir
Budapeşt, 26 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Şərqi Asiya üzrə Regional Nümayəndəliyi və Macarıstan Regional İnkişaf Nazirliyinin birgə mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransı 2012-ci ilin aprel ayında Bakıda keçiriləcək FAO-nun 28-ci regional konfransına hazırlıq mərhələsində Macarıstan ictimaiyyətinə ətraflı məlumat vermək məqsədi daşıyırdı. Ölkənin 30-dək qəzet və elektron KİV-lərin nümayəndəsi mətbuat konfransında iştirak etmişdir.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, FAO-nun baş direktorunun müavini, Avropa və Şərqi Asiya üzrə Regional Ofisinin rəhbəri Fernanda Geriyeri və Macarıstan Regional İnkişaf Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zoltan Kalman çıxış etmişlər. Səfir V.Quliyev aprel ayında Bakıda 53 ölkənin kənd təsərrüfatı və ərzaq nazirlərinin, habelə beynəlxalq qurumların təmsilçilərinin iştirakı ilə keçiriləcək konfransın yüksək səviyyədə təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti və Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə mətbuat nümayəndələrinə ətraflı məlumat vermişdir. Səfir eyni zamanda, son illərdə Azərbaycanın iqtisadi siyasəti, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar, ölkədə həyata keçirilən iri layihələr, qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı məlumatları mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır.
Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır. Jurnalistlər regional konfransla yanaşı, Azərbaycanın iqtisadi və turizm imkanları, ölkədə ərzaq təhlükəsizliyi probleminin həlli, Macarıstan ilə Azərbaycan arasında əlaqələr və s. barədə müxtəlif suallar səsləndirmişlər.
Səfirlik Azərbaycan hökuməti adından FAO-nun Bakı konfransına hazırlıq məqsədi ilə Budapeştdə keçirilən məşvərət görüşünün iştirakçıları şərəfinə qəbul təşkil etmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt