Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,5 faiz artıb YENİLƏNİB
Bakı, 1 aprel, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında ölkənin qeyri-neft sektoru üzrə ixracı 16,5 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 1-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayına dair keçirilən mətbuat konfransda İİTKM-nin departament rəhbəri Ramil Hüseyn deyib.
İcmalın bu sayında göstərilir ki, iki ayda Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb. Cari ilin ilk iki ayında Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Rusiyaya qeyri-neft ixracı 21 faiz, Gürcüstana 13 faiz və İrana 2,1 dəfə artıb.
Bu ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında elektrik enerjisi (30,5 milyon dollar) birinci olub. Bu siyahıda mahlıc (25,9 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı isə (24,7 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, cari ilin ilk iki ayında meyvə-tərəvəz ixracı 76 milyon, elektrik enerjisinin ixracı 30,5 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 30,1 milyon, pambıq lifi ixracı 26 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,5 milyon, kimya sənayesi məhsullarının ixracı 12,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 6,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,1 milyon, pambıq ipliyi ixracı 3,7 milyon dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, kimya sənayesi məhsullarının ixracı 90 faiz, elektrik enerjisinin ixracı 50 faiz, meyvə-tərəvəzin ixracı 30 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 26 faiz artıb.
Fevralda isə qeyri-neft sektoru üzrə ixrac 144 milyon dollar təşkil edib. Ay ərzində qeyri-neft sektoruna aid ən çox məhsul ixrac edilən ölkələrin siyahısında Türkiyə (38,3 milyon dollar) ilk sıraya yüksəlib. Bu siyahıda Rusiya ikinci (35,7 milyon dollar) və Gürcüstan üçüncü (23,4 milyon dollar) olub.
Bu ilin fevralında qeyri-neft sektoru üzrə ixraca elektrik enerjisi (19,4 milyon dollar) liderlik edib. Siyahıda daranmamış pambıq lifi (mahlıc) (14 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (12,7 milyon dollar) üçüncü yeri tutub.
“İxrac icmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Cari ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “SOCAR Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "TST Export" MMC, "P-Aqro" MMC, "Vorld Trade" MMC, "Sun Food" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Garden Store" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ASC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC, "Azəripək" MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, "Azərbaycan Dəmir Yolları" QSC.
“İxrac icmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Belə ki, bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. İlin ilk iki ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin ixracından 2 milyon dollar gəlir əldə edib. Fevralda isə “Azərkosmos” ASC dünyanın 14 ölkəsinə 952 min dollarlıq xidmət ixrac edib. “Azərkosmos”un cari ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Nigeriya və Gürcüstandır.
İcmalda məlumat verilir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. İki ayda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 173,6 milyon manat təşkil edib. Fevralda ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları isə 85,3 milyon manat olub.
“İxrac İcmalı”nda cari ilin yanvar-fevral aylarında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilir. Göstərilir ki, iki ayda “Azexport.az”a 145,6 milyon dollarlıq ixrac sifarişləri daxil olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb. Fevralda portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9 milyon dollar təşkil edib, ötən eyni ayı ilə müqayisədə 16,3 milyon dollar və ya 43,4 faiz artıb.
Bu ilin yanvar-fevral aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13 faiz), Rusiya (12,4 faiz), ABŞ (7 faiz), Hindistan (7 faiz) və Gürcüstan (5,9 faiz) qərarlaşıb. Ümumilikdə isə 2017-ci ilin yanvarından bu il fevralın 28-dək (26 ay ərzində) “Azexport.az” portalına dünyanın 123 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 134,7 milyon dollar təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilir ki, cari ilin martında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 6,8 milyon dollar olub. Bu ilin yanvar-mart aylarında “Bir Pəncərə” mərkəzi tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 20,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.
İcmalın bu sayında “İxrac strategiyası” mövzusundakı təlim, Azərbaycan şərablarının “Prowein 2019” beynəlxalq sərgisində nümayiş etdirilməsi, Varşavaya təşkil olunan ixrac missiyası və sair barədə də məlumatlar verilib. “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli məhsulların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. İcmal ilə www.iqtisadiislahat.org saytının “İcmallar” bölməsində tanış olmaq mümkündür.