SİYASƏT
Azərbaycanın tərəqqi dövrünü əhatə edən bütöv bir inkişaf epoxası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Naxçıvan, 8 iyul (AZƏRTAC, Tural Kəngərli). Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən Heydər Əliyev Lektoriyasının “14 iyul - Azərbaycanın həyatında dönüş günü” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq Azərbaycanın tərəqqi dövrünü əhatə edən bütöv bir inkişaf epoxasının dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu gün Azərbaycanın iqtisadi, siyasi, elmi, hərbi, mədəni, ictimai və sosial sahələrdə sahib olduğu yüksək potensial ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır.
“14 iyul - Azərbaycanın həyatında dönüş günü” mövzusunda çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev bildirmişdir ki, ötən əsrin 60-cı illərinin sonunda SSRİ-nin inzibati ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meylləri müşahidə olunmaqda idi. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə müşahidə olunur, mənfi meyllər getdikcə daha dərin kök salır, respublikanın iqtisadi potensialının zəifləməsi xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç də az olmayan təhlükəli miqyas alırdı.
Vurğulanmışdır ki, Azərbaycanın ictimai-siyasi həyatındakı böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi, respublika rəhbərliyində kosmopolit əhval-ruhiyyə hökm sürürdü. Milli kadrların hazırlanması, milli dilin düşünülmüş şəkildə inkişafı və onun tətbiqi, eləcə də tədqiq sahəsinin genişləndirilməsi, dövlət orqanlarında milli kadr potensialının artırılması istiqamətində heç bir ciddi addım atılmırdı. Siyasi amorfluq, təfəkkürdə və dövlətin idarə edilməsində durğunluq halları milli mənlik şüuruna, milli təfəkkürə və mentalitetə malik olan kadrlar yetişdirilməsinə ciddi əngəl idi. Lakin bu əngəllər xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə aradan qalxdı.
“Dahi rəhbərin 14 iyul 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı oldu”, - deyən məruzəçi vurğulamışdır ki, Ulu Öndər hakimiyyətə gəldikdən sonra respublikada milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm tədbirlər həyata keçirilmiş, Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl, inkişaf etmiş respublikalarından birinə çevrilmişdir.
Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən filmə baxmışlar.