ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlərin məqaləsi top siyahıda birinci yeri tutub
Bakı, 3 noyabr, AZƏRTAC
Akademiklər Cəlal Əliyev, İradə Hüseynova və biologiya üzrə fəlsəfə doktoru N. Sultanovanın tərəfindən Plant Physioliology and Biochemistry (PPB) jurnalında 2014-cü ildə dərc olunan “Huseynova IM, Sultanova NF, Aliyev JA. Histochemical visualization of ROS and antioxidant response to viral infections of vegetable crops grown in Azerbaijan” (Plant Physiol Biochem; 2014 Aug; 81: 26-35) adlı məqaləsi bu sahə üzrə çap olunan 20 top məqalə siyahısında birinci yeri tutub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə Məqalələr haqda Ödənişsiz Məlumat Xidmətinin təmsilçisi Keri Ernstdən məlumat daxil olub.
“PPB” jurnalı “Elsevier” nəşriyyatında çap olunur və 2.756 impakt faktora malikdir. Azərbaycanlı alimlərin məqaləsi virus patogenezi zamanı bitkilərdə yaranan sərbəst radikalların öyrənilməsinə və onların aradan qaldırılmasında antioksidant müdafiə sistemlərinin rolunun tədqiqinə həsr olunub və bu istiqamətdə mühüm nəticələr əldə olunub.
Qeyd edək ki, bitki-virus qarşılıqlı əlaqəsi zamanı bitkilərdə struktur-funksional dəyişikliklərin öyrənilməsi üzrə tədqiqatlar çox azdır.
Nüfuzlu Publ.med portalına düşən “PPB” jurnalı Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyasının və Fransa Bitki Bioloqları Cəmiyyətinin rəsmi nəşridir. Jurnalda molekulyar səviyyədən başlayaraq, bütöv bitki və ekosistemlərə qədər bitkilərin biokimyası, fiziologiyası, quruluşu, bitki-mikrob əlaqələri haqqında nəzəri, eksperimental və texniki nəticələr dərc olunur.