SİYASƏT
Azərbaycanlı diplomat “CNNtürk” televiziya kanalında Xocalı soyqırımından bəhs etmişdir
Ankara, 24 fevral (AZƏRTAC). Türkiyənin “CNNtürk” televiziya kanalının “Əyrisi - doğrusu” proqramında XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından bəhs olunmuşdur.
Jurnalist Taha Akyolun aparıcısı olduğu proqramda Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat attaşesi Elsevər Salmanov bildirmişdir ki, yaxın tariximizdə ermənilərin törətdikləri bu qətliam canlı şahidləri, sənədlər və foto-video materiallar ilə tarixçilərin sübut etməsinə ehtiyac duyulmayan bir soyqırımıdır. Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, yüksək templərlə inkişaf edən və regionun parlayan ulduzu olan Azərbaycanın bu soyqırımın tanınmasına nail olmaqda yeganə məqsədi ədalətin öz yerini tapmasıdır. Bədnam qonşularımız isə, qondarma “erməni soyqırımı” təbliğatını dünyada mövcud olmaq, ərazi və təzminat tələbləri üçün bir vasitə hesab edirlər. Artıq, Xocalı soyqırımı Pakistan və Meksika parlamentləri, habelə İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi tərəfindən tanınmışdır.
Azərbaycanlı diplomat xatırlatmışdır ki, Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qərarına ən sərt etiraz edən bizim ölkə olmuşdur. Dövlətimizin başçısı İlham Əliyevin bəyanatı, Milli Məclisin Fransa Senatına məktubu, rəsmi şəxslərin etirazları qardaş ölkəyə dəstəyin ən bariz nümunəsidir. Təəssüf ki, bəzi mətbuat orqanları bunu kifayət qədər işıqlandırmamışlar.
Proqramın aparıcısı Taha Akyol bildirmişdir ki, Azərbaycan dünyada getdikcə artan nüfuza malik olan bir ölkə və Qafqazda yeganə güc sahibidir. Bu səbəbdən, Türkiyənin də qondarma “erməni soyqırımı” təbliğatı ilə mübarizədə qardaş ölkənin daha çox dəstəyinə ehtiyacı vardır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara