İQTİSADİYYAT
“Azərikimya” İB-də əməyin mühafizəsinə həsr olunmuş istehsalat müşavirəsi keçirilmişdir
Bakı, 6 oktyabr (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində (İB) kimyaçıların sağlamlığının qorunması, istehsalat sahələrində onların əməyinin mühafizəsi və iş yerlərində təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və mövcud problemlərlə bağlı geniş müşavirə keçirilmişdir. Tədbirdə “Azərikimya”nın rəhbərliyi, müəssisə rəhbərləri, aparıcı mütəxəssislər iştirak etmişlər.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə ilk olaraq İB-in Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin istehsalat sahələrində bu işin təşkili və həlli vacib olan problemlərlə bağlı hesabatı dinlənilmişdir. Hesabatda 2010-cu ilin aprel ayına kimi və ondan sonrakı dövrdə istehsalat sahələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə görülən işlər haqqında geniş məlumat verilmiş, əvvəlki və bugünkü vəziyyət slaydlarla iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ARDNŞ-in tabeçiliyinə verildikdən sonra “Azərikimya”nın müəssisələrində əməyin mühafizəsi, təhlükəsiz və ekoloji cəhətdən sağlam iş şəraitinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilmiş, bütün işçilər fərdi mühafizə və qoruyucu vasitələrlə təmin edilmişlər. Bildirilmişdir ki, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı təlimatlar hər bir kimyaçı tərəfindən diqqətlə öyrənilməli və iş zamanı onlara əməl olunmalıdır.
Müzakirə olunan mövzu ilə bağlı tədbirə dəvət olunmuş ekspert tərəfindən təqdim edilən “Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması üzrə inkişaf proqramı” layihəsi ətraflı müzakirə olunmuş və maraqla qarşılanmışdır. Təqdim olunan proqramın müəyyən təkmilləşdirmədən sonra perspektivli ola biləcəyi qeyd edilmişdir.
Sonda ARDNŞ-in Sağlamlıq və Əməyin Təhlükəsizliyi İdarəsinin rəisi Yaşar Əhmədov çıxış edərək, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı ARDNŞ-in həyata keçirdiyi layihələr barədə müşavirə iştirakçılarına məlumat vermiş, “Azərikimya” İB-də mövcud problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran işlərdən danışmışdır.