SİYASƏT
Əbu-Dabidə Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Bakı, 25 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindəki “Rixos Marine” otelində 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.
Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı baş konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə fəxri qonaq qismində bu ölkənin enerji və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei iştirak edib.
Tədbirdə çıxış edən ölkəmizin BƏƏ-dəki səfiri Elçin Bağırov BƏƏ-nin enerji və infrastruktur naziri Suhail Mohamed Al Mazroueini, müxtəlif ölkələrin diplomatik missiyalarının rəhbərlərini və nümayəndələrini, yerli ictimaiyyətin və Azərbaycan diasporunun təmsilçilərini salamlayıb.
Səfir çıxışında müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib. O vurğulayıb ki, SSRİ-nin süqutundan sonra yenidən dövlət müstəqilliyini əldə edən ölkəmiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində öz suverenliyini qoruyub saxlayıb, dünya birliyinin ən sürətlə inkişaf edən və beynəlxalq nüfuza malik olan üzvünə çevrilib.
Diplomat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində qazanılan uğurlar daha da möhkəmlənib, onun rəhbərliyi altında şanlı Ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqları azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. O əlavə edib ki, bu gün həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq istiqamətində səylərini davam etdirir.
Səfir çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransının əhəmiyyətindən də bəhs edib.
Qeyd edək ki, tədbirin keçirildiyi otelin binası Azərbaycanın dövlət bayraqları ilə bəzədilib.
Tədbirin sonunda azərbaycanlı incəsənət ustaları konsert proqramı ilə çıxış edib, qonaqlara milli mətbəximizin təamlarından ibarət süfrə açılıb.