CƏMİYYƏT
Dörd kəndin Azərbaycana qaytarılması Ali Baş Komandanın növbəti zəfəridir – AÇIQLAMA
![Dörd kəndin Azərbaycana qaytarılması Ali Baş Komandanın növbəti zəfəridir – AÇIQLAMA](/files/2024/2/1200x630/17166445084031530838_1200x630.jpg)
Bakı, 25 may, AZƏRTAC
Azərbaycana qaytarılan dörd kənd dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin növbəti zəfəridir.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Bu qələbə nəticəsində Qazaxın Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin artıq Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçdiyini vurğulayan ekspert qeyd edib ki, yaxın perspektivdə bu ərazilərdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulur.
“Bunun üçün Azərbaycanın mövcud olan əvvəlki sərhəd xətti yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə zəruri sərhəd qüllələri, sərhəd maneə xətti və sərhəd zastavaları yerləşdiriləcək. Bu ərazilərdəki hakim yüksəkliklər Dövlət Sərhəd Xidmətinin tamamilə nəzarətində olacaq. Bu da gələcəkdə Ermənistan ordusunun, Ermənistan sərhədçilərinin ərazidə həyata keçirdikləri fəaliyyətləri müşahidə etməyə və onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək. İstənilən halda Ermənistanın bir güllə atılmadan Azərbaycan ərazilərini geri qaytarması ondan xəbər verir ki, Ermənistan tərəfi Ali Baş Komandanımızın yanvarın 10-da səsləndirdiyi və bu dörd kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə bəyanatını ciddi qəbul edir. Bu addım gələcəkdə Azərbaycan-Ermənistan arasındakı etimadın möhkəmlənməsi, sülh sazişinin imzalanması üçün əlverişli şərait yaradılması barədə ehtimallar irəli sürməyə imkan verir”, - deyə Ə.Verdiyev əlavə edib.