“Azəriqaz”: Bu il 25 kəndin qazlaşdırılması nəzərdə tutulub
Bakı, 12 sentyabr, AZƏRTAC
Beş il əvvəl ölkəmizdə qazlaşma səviyyəsi təqribən 82 faiz idi. Dövlət dəstəyi ilə aparılan genişmiqyaslı qazlaşdırılma işləri nəticəsində hazırda ölkə ərazisində əhali abonentlərinin qazlaşma səviyyəsi fərdi yaşayış evlərinin sayına görə 96,3 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, böyük həcmdə 1000-ə yaxın kənd və qəsəbə qazlaşdırılıb, hazırda isə qazlaşdırılma işləri uğurla davam etdirilir. Qazlaşmayan təqribən 900-ə yaxın yaşayış məntəqəsi mövcuddur. Bunlar əsasən ucqar yaşayış məntəqələri, mənbələrdən uzaq olan kəndlər və ev sayı az olan yaşayış yerləridir. Qaz təchizatının yaxşılaşdırılması üçün hər il davamlı olaraq “Azəriqaz” tərəfindən qaz xətlərinin yenidən qurulması və əsaslı təmir işləri aparılır. Şəbəkənin demək olar ki, 70 faizə yaxını yenilənib, 30 faizə yaxını isə əvvəlki dövrdən qalmış boru xətlərindən ibarətdir. 6-7 min kilometrə yaxın yüksək riskli qaz xətləri də var. Bunların əksəriyyəti yeraltı boru xətləridir. Hər il bu boru xətlərində diaqnostika aparılır və nəticələrə uyğun olaraq yüksək riskli olan hissələr əsaslı təmir olunur və yaxud da yenidən qurulur.
“Hazırda 400-ə yaxın qazlaşmayan meşəətrafı məntəqə mövcuddur. Onlardan 235 yaşayış məntəqəsinin qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəlidir. Bu il 25 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bizim əsas məqsədimiz əhalinin sosial rifahının, turizm imkanlarının və ən vacib məsələlərdən biri olan ekoloji vəziyyətin yaxşılaşdırılması, meşələrə mənfi təsirlərin minimallaşdırılmasıdır. İlkin hesablamalara görə təxminən 240 milyona yaxın vəsait tələb olunacaq. Bu vəsait tək 235 kəndin qazlaşdırılması üçün nəzərdə tutulmur, eyni zamanda, bu kəndlərə çəkiləcək daşıyıcı xətlərin üzərində yerləşən digər meşəətrafı ərazilər də daxildir”, - deyə şöbə rəisi vurğulayıb.