İQTİSADİYYAT
“Azəriqaz” İB-də layihə-smeta sənədlərinin hazırlanması diqqət mərkəzindədir
Bakı, 17 aprel (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məsələləri üzrə fəaliyyətini genişləndirməkdədir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin 1-ci rübündə fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 1.161 texniki şərt verilmişdir. İB-nin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 238 texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanmışdır.
Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 855 ədəd qeyri-yaşayış sahələrinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılmışdır. Bundan başqa, Birliyin sifarişi ilə 409 layihə-smeta sənədi razılşadırılmışdır.
Layihə-smeta sənədlərinin hazırlanması sahəsi üzrə də mühüm işlər görülmüşdür. Cari ilin yanvar-mart aylarında “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 1.387 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilmişdir. Bunun da 65-i fərdi evlər üzrədir.
Kənd və qəsəbələrin qazlaşdırılması üzrə 209, obyektlərin təmiri üzrə 232, sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə isə 868 layihə-smeta sənədi hazırlanmışdır. İnzibati binalar, anbar binaları və s. tikinti işləri üzrə 13 layihə-smeta sənədi hazırlanaraq təhvil verilmişdir.