İQTİSADİYYAT
“Azəriqaz” İB-də layihə-smeta sənədlərinin hazırlanması sahəsində işlər sürətlənmişdir
Bakı, 24 avqust (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) layihə-smeta sənədlərinin ekspertizası, razılaşdırılması və texniki şərtlərin hazırlanması məqsədilə fəaliyyətini daha da genişləndirmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin 7 ayı ərzində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üçün 2 min 484, iyul ayında isə 344 texniki şərt verilmişdir. Birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 515, iyul ayında isə 49 texniki şərt, texniki və layihə tapşırıqları hazırlanmışdır.
Cari ilin 7 ayı ərzində “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu 3 min 111 layihə-smeta sənədi hazırlamış, birliyə və digər sifarişçilərə təhvil verilmişdir. Bunun da 102-i fərdi yaşayış evləri, 553-ü kənd və qəsəbələrin qazlaşdırılması, 672-i obyektlərin təmiri, 1752-i sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri, 32-i inzibati binalar, anbar binaları və s. tikinti sahələri üzrədir. Həmin sənədlərin böyük əksəriyyəti ekspertizadan keçirilmiş və razılaşdırılmışdır.