İQTİSADİYYAT
“Azərsu” ASC tərəfindən son bir ildə layihələr daha sürətlə icra olunur
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 4-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Almaniyanın “KfW” bankının nümayəndə heyəti ilə görüşmüşdür.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Q.Hüseynov Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirmişdir. O, “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin - Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının uğurla icra olunduğunu bildirmiş və bundan sonra da əməkdaşlığın davam etdiriləcəyinə əminliyini vurğulamışdır.
Almaniyanın “KfW” bankının Avropa və Asiya üzrə baş direktoru Uve Ohls “Azərsu” ASC tərəfindən son bir ildə layihələrin daha sürətlə icra olunduğunu bildirmişdir. Gəncə və Şəki şəhərlərində layihələrin ikinci və üçüncü mərhələsinin başa çatdırılması üçün kreditin ilin sonuna qədər ayrılacağını söyləyən bank rəsmisi alman mütəxəssislərin Azərbaycana səfər edəcəyini diqqətə çatdıraraq demişdir ki, bu gün burada bizimlə birgə olan Lars Öerman bankın Cənubi Qafqaz üzrə regional ofisinə yeni direktor təyin olunmuşdur və avqust ayından fəaliyyətə başlayacaqdır.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov istər “KfW” bankının, istərsə də digər beynəlxalq qurumların krediti hesabına reallaşdırılan layihələrdə ən son texnologiyanın tətbiq olunacağını qonaqların diqqətinə çatdırmışdır.
Almaniyanın “KfW” bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə və Şəki şəhərlərində aparılan tikinti işlərinə nəzarət və layihənin gələcək mərhələlərinin müzakirəsi məqsədi İlə Almaniyanın “KfW” bankının nümayəndə heyəti iyunun 15-22-də Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə tanış olmuş, Göygöl-Gəncə magistral su xəttinin inşası, Qızılqaya su mənbəyinin bərpası və su anbarlarının tikintisi üzrə aparılan işlərə və Şəki şəhərində inşası başa çatdırılmış suqəbuledici qurğular kompleksinə baxış keçirmişdir.