SİYASƏT
AZƏRTAC-IN ƏMƏKDAŞLARI “RUSİYA BU GÜN” SEMİNARINDA İŞTİRAK ETMİŞLƏR
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 5-12-də Moskvada İTAR-TASS-ın təşkilatçılığı ilə “Rusiya bu gün” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Seminarda Ukrinform (Ukrayna), BELTA (Belarus), Moldpress (Moldova) agentliklərinin nümayəndələri ilə yanaşı, AZƏRTAC-ın əməkdaşları İlqar Cəfərov və Orxan Muradov da iştirak etmişlər.
İTAR-TASS agentliyi baş direktorunun müavinləri Vladimir Kuçko və Yakov Borovoy seminarın açılışında çıxış edərək Rusiyanın aparıcı informasiya agentliyinin fəaliyyətindən danışmışlar. MDB ölkələrinin xəbər agentlikləri arasında əlaqələrin möhkəmləndirilməsi üçün bu cür tədbirlərin əhəmiyyəti vurğulanmışdır. Vladimir Kuçko təcrübə mübadiləsi aparılması üçün jurnalistlərin görüşməsinin vacib olduğunu diqqətə çatdırmışdır. Sonra iştirakçılar İTAR-TASS-ın fəaliyyəti ilə tanış olmuşlar.
Seminar çərçivəsində Veliki Novqoroda, habelə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa səyahətlər təşkil edilmişdir.
MDB ölkələrinin jurnalistləri İTAR-TASS-ın Sankt-Peterburq bölməsinə baş çəkmiş, buradakı mətbuat mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.