ELM VƏ TƏHSİL
AzTU ilə Ukrayna Milli Nəqliyyat Universiteti arasında müqavilə imzalanmışdır
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) Ukrayna Milli Nəqliyyat Universitetinin (MNU) rektoru, Ukrayna Nəqliyyat Akademiyasının prezidenti, akademik Nikolay Dmitriçenko ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq layihələrdə iştirakı barədə ətraflı məlumat vermişdir. AzTU-nun xarici ölkə universitetləri ilə əlaqələrindən danışan rektor bu baxımdan Ukrayna MNU ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Akademik N.Dmitriçenko rəhbərlik etdiyi universitetin dünyanın 35 qabaqcıl ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini, AzTU ilə əlaqələrə xüsusi önəm verildiyini diqqətə çatdırmışdır.
Sonra hər iki universitet arasında gələcək əməkdaşlığa dair müqavilə imzalanmışdır. Sənəddə birgə tədris, elmi tədqiqatların aparılması, müəllim və tələbələr arasında təcrübə mübadiləsi istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi nəzərdə tutulur.
Müqaviləni professor H.Məmmədov və akademik N.Dmitriçenko imzalamışlar.
Sonra akademik N.Dmitriçenkoya AzTU-nun yubiley medalı təqdim edilmişdir.
Tədbirdə müqavilədən irəli gələn bir sıra məsələlər muzakirə olunmuşdur.