DÜNYA
Babiş yenə müxalifətin hədəfindədir
![Babiş yenə müxalifətin hədəfindədir](/files/2019/3/1200x630/15740676303891027562_1200x630.jpg)
Praqa, 18 noyabr, AZƏRTAC
Ötən istirahət günlərində “məxməri inqilab”ın 30-cu ildönümünü qeyd etmək üçün Çexiya paytaxtının küçə və meydanlarına çıxmış minlərlə insan Baş Nazir Andrey Babişin istefa verməsini tələb edib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı artıq neçə ildir Avropa İttifaqının ayırdığı subsidiyaların bölüşdürülməsində öz hakimiyyətindən sui-istifadə edir və həmin vəsait Babişə məxsus “Aqrofert” konserninin törəmə müəssisəsi olan “İnoba” firmasının xeyrinə bölüşdürülür. Baş Nazir özü isə bütün bu ittihamları “siyasiləşdirilmiş” adlandıraraq onları təkzib edir.
AZƏRTAC keçən il xəbər vermişdi ki, “İnoba” firması 14 il bundan əvvəl Avropa İttifaqının pulları hesabına “Leylək yuvası” adlı mehmanxana tikib. Həmin mehmanxana “İnoba” firmasına bir neçə milyon avro mənfəət gətirib. Bununla əlaqədar Babişə qarşı qaldırılmış cinayət işi cari ilin əvvəlində dayandırılıb. Babiş Ədliyyə nazirini istefaya göndərərək bu vəzifəyə Mariya Beneşovanı təyin edib.
Çexiya müxalifəti isə sakitləşmir, hökumət başçısına qarşı yeni ittihamlar irəli sürür. Bu dəfə Babişi Çexoslovakiya Sosialist Respublikasının Dövlət təhlükəsizliyi xidməti ilə “agent Bureş” təxəllüsü altında əməkdaşlıq etməkdə günahlandırırlar. Müxalifətin arxivlərdə tapdığı sənədlər bunu təsdiq edir.
Baş Nazirin istefa verməsi kampaniyasına “Demokratiya uğrunda milyon an” adlı təşkilat rəhbərlik edir. Dünən, “məxməri inqilab”ın başlanmasının ildönümü günündə həmin təşkilat bütün ölkədə 150-yə yaxın nümayiş keçirib. Nümayişlərdə əsas tələb hökumətin və ilk növbədə Baş Nazirin istefası olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa