İDMAN
“Bakı-2015” Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edib
Oktyabrın 31-də “Bakı-2015” Avropa Oyunları idman azarkeşlərinin gələn ilin yayında keçiriləcək yarışlara bilet ala bilməsi üçün rəsmi veb-saytında qeydiyyat səhifəsini açıq elan edib.
AZƏRTAC xəbər verir ki, sayt azərbaycanlı və xarici azarkeşlərə “Bakı-2015” idman proqramı üzrə nəzərdə tutulan biletlərdə edilən yeniliklər və Avropa Oyunları ilə bağlı son xəbərlər üçün müraciət imkanı yaradır.
Oyunlara doğru geriyə sayım davam edir və qeydiyyatdan keçən hər bir kəs ən son yeniliklər haqqında mütəmadi olaraq e-mail alacaqlar. Geniş ictimaiyyət üçün bilet satışına gələn il başlanılacaq.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı üzrə qeydiyyat səhifəsinin istifadəyə verilməsinin çox əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, idman azarkeşləri “Bakı-2015” Avropa Oyunlarına baxmaq üçün öz biletlərini mümkün qədər öncədən almaq və tarixi məqamı müşahidə etmək istəyəcəklər. Bu sistem idman azarkeşlərini gələn il bilet satışı haqqında ən son yeniliklər və məlumatlarla təmin edəcək.
Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Azarkeşlər yarışlarda iştirak etməklə qitənin ən güclü idmançıları üçün yaradılmış bu nadir təcrübəni bölüşmək istəyəcəklər. Biz Azərbaycandan və Avropadan Oyunlara böyük maraq gözləyirik. Bu, “Bakı-2015” ilə əlaqədar son xəbərlər haqqında məlumat almaq üçün ən yaxşı sistemdir. Ona görə də mən bilet almaqda maraqlı olanları ən qısa zamanda qeydiyyatdan keçməklə birinci Avropa Oyunlarındakı yerlərini tezliklə təmin etməyə çağırıram”.
Qeydiyyat səhifəsi “Bakı-2015” Avropa Oyunlarının bilet satışı üzrə rəsmi dəstəkçisi olan “Tickethour” şirkəti tərəfindən hazırlanıb.
Veb-saytda qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq lazımdır: https://tickets.baku2015.com/signup/homePage.html?changeLanguageTo=az