İDMAN
“Bakı-2015” Türkiyənin iri televiziya kanalı ilə beynəlxalq saziş imzalayıb
Saziş Avropa Oyunlarının açılış mərasimini Türkiyənin bütün ərazisində yayımlamağı nəzərdə tutur və azarkeşləri gələn il yayda, yarışların davam edəcəyi bütün 17 gün ərzində birbaşa translyasiyadan zövq almağa dəvət edir.
“NTV Spor” kanalı televiziya, internet və səyyar platformalar vasitəsilə gündə yeddi saat translyasiya təqdim edəcək ki, bunun böyük hissəsi canlı yayımlanacaq. Açılış və bağlanış mərasimlərindən birbaşa reportajlar, eləcə də yarışların seçmə anları barədə videomateriallar translyasiya ediləcək.
“Bakı-2015” yarışlarının baş əməliyyat direktoru Saymon Kleq deyib: “Milyonlarla türkiyəli azarkeşə Avropa Oyunlarının açılışının birbaşa translyasiyasından zövq almaq imkanı verən televiziya ilə bağlı ilk beynəlxalq sazişin imzalandığını elan etməyə çox şadam.
“NTV Spor” kanalı bizim radio verilişlərinin təşkilatçısı olan “İnternational Sports Broadcasting” (Beynəlxalq İdman Yayımı) şirkəti ilə işləməklə bizə media platforması diapazonunda mümkün qədər çox azarkeşi irimiqyaslı televiziya vasitəsilə təmin etməyə imkan yaradır”.
Türkiyədə iri idman tədbirlərini işıqlandıran “NTV Spor” kanalı Avropa Oyunlarında idmanın bütün növləri üzrə yarışların yüksək keyfiyyətli translyasiyasını təmin etmək niyyətindədir.
“Doğuş Media Group” şirkəti idman bölməsinin prezidenti Fuat Akdağ bildirib: “ Biz “İnternational Sports Broadcasting” şirkəti və “Bakı-2015” layihəsi ilə əməkdaşlığımızın başlanmasını səbirsizliklə gözləyirik ki, Türkiyənin hər yerində azarkeşlərə Avropa Oyunları ilə əlaqədar xüsusi televiziya xidməti göstərək.
Bu saziş Türkiyədə idmanın bir çox növləri üzrə yarışlara daimi marağı əks etdirməklə bərabər, həm də göstərir ki, bu yarışlar beynəlxalq televiziya bazarında ciddi məhsul kimi qalır”.
Türkiyə Milli Olimpiya Komitəsinin baş katibi Nəşə Gündoğan qeyd edib ki, bu saziş Türkiyənin hər yerində azarkeşləri birləşdirəcək və bütün millətlərə birinci Avropa Oyunlarında iştirak edəcək idmançılarımızı dəstəkləmək imkanı verəcək”.
Nəşə Gündoğan daha sonra deyib: “Yaxın qonşumuz olan Azərbaycanla bizi həmişə möhkəm dostluq əlaqələri birləşdirib və bu saziş tarixi əlaqələri yalnız möhkəmləndirəcək”.
“NTV Spor” kanalı Türkiyədə ən iri informasiya yayım vasitələri konqlomeratlarından birinin tərkib hissəsi olan “Doğuş Media Group” şirkətinə məxsusdur.
İSB şirkəti (İnternational Sports Broadcasting) bütün Oyunlar boyu 800 saatdan çox birbaşa ultramüasir yayım təqdim edəcək.
Qeyd etmək lazımdır ki, 2015-ci il iyunun 12-də 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları bütün qitə üçün həyəcanlandırıcı və texniki baxımdan mükəmməl idman tamaşası olacaqdır.
Ümumilikdə idmanın iyirmi növü təqdim olunacaq ki, bunların 16-sı olimpiya növü, dördü isə qeyri-olimpiya növüdür. Yarışların keçiriləcəyi 17 gün ərzində bütün Avropadan altı mindən çox atlet öz dövlətini təmsil edəcək.
2016-cı ildə Rio-de Janeyroda Yay Olimpiya Oyunlarına idmanın doqquz növü üzrə təsnifat seçimi nəzərdə tutulur. Bu növlərə kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Bakı Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən oyunların keçiriləcəyi yer kimi 2012-ci ilin dekabrında seçilib. 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarına hazırlıq üzrə Əməliyyat Komitəsi Oyunları AOK ilə əməkdaşlıqda təşkil edəcək və keçirəcək.