İQTİSADİYYAT
“Bakı Ağ Şəhər” layihəsi işlərinə tanınmış xarici şirkətlər də cəlb olunmuşdur
Bakı, 29 dekabr (AZƏRTAC). “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində paytaxtın Babək prospektinə yaxın ərazidə ümumi ərazisi 18 min kvadrat metr olan çoxfunksiyalı bina tikilir.
“Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dənizkənarı ərazidə də tikinti işləri aparılır. Burada komfortlu yaşayış kompleksləri, otellər və ticarət-əyləncə mərkəzlərinin inşası nəzərdə tutulmuşdur.
Layihəyə əsasən fransız liseyinin inşası davam etməklə yanaşı, 4 ulduzlu otelin və ofis mərkəzinin də inşasına başlanılmışdır.
Müxtəlif təyinatlı binaların layihələnməsi üçün yerli mütəxəssislərlə birgə “Atkins”, “UN Studio”, “Structural Engineering Co. Ltd”, “WSP”, “Erginolgu & Calishlar” kimi tanınmış şirkətlər də cəlb olunmuşdur.
“UN Studio” şirkətinin mütəxəssisləri Nobel prospektində yerləşəcək ticarət-ofis binasının və Fəvvarələr meydanındakı ofis binasının layihələnməsi işlərini həyata keçirirlər.