ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi ABŞ-ın “Emerson” şirkəti ilə əməkdaşlığa başlayır
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi (BANM) ilə ABŞ-ın “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma sənədi imzalanmışdır.
BANM-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edən təhsil ocağının rektoru Elmar Qasımov tələbələrə yüksək nəzəri biliklər vermək və zəngin praktiki təcrübə aşılamaq məqsədilə məktəbin xarici təhsil müəssisələri və şirkətlərlə fəal əməkdaşlıq etdiyini demişdir. Rektor bildirmişdir ki, “Emerson” şirkəti ilə əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlanması, korporativ təhsil, ixtisasartırma, təcrübənin nəsildən nəslə ötürülməsi ənənəsinin dirçəldilməsi, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirmək imkanı yaradacaqdır.
“Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplats çıxışında qeyd etmişdir ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır. Regionda biznes fəaliyyətini maksimum genişləndirmək niyyətində olan şirkət dünyanın onlarla universiteti ilə birgə təhsil proqramları həyata keçirir. Bu layihənin ölkəmizin ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəsi olduğunu diqqətə çatdıran Y.Vanderplats Azərbaycanın neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinə töhfə verməyə hazır olduqlarını demişdir.
Sonra Elmar Qasımov və Yohan Vanderplats Bakı Ali Neft Məktəbi ilə “Emerson Process Management” şirkəti arasında əməkdaşlıq haqqında razılaşmanı imzalamışlar.
İmzalan sənədə əsasən, tərəflər neft-qaz sənayesi müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək üçün birgə tədbirlər həyata keçirəcəklər. Razılaşmanın şərtlərinə görə, “Emerson” BANM-ı xüsusi tədris materialları ilə təchiz edəcək, şirkətin ekspertləri tələbələr üçün mühazirələr və seminarlar, bilavasitə müəssisələrdə istehsalat təcrübəsi təşkil edəcək və yay stajkeçmə proqramları həyata keçirəcəklər. “Emerson” şirkəti əlaçı tələbələri mükafatlandırılacaq və onlara təqaüdlər verəcəkdir.
Şirkət, həmçinin müəssisələrin rəqəmli idarəetmə arxitekturasından (Plant WebTM) və intellektual simsiz cihazlardan istifadə edilməklə, Bakı Ali Neft Məktəbində ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradılması layihəsini dəstəkləyəcəkdir.