Bakı Ali Neft Məktəbinin tələbələri ilə Karbamid Zavodunda görüş
Bakı, 10 may, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın Karbamid Zavodunda olublar.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Karbamid Zavodunun direktoru Xəyal Cəfərov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, zavodun tikilməsinin əsas məqsədi ölkənin kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrinin məhsuldarlığını artırılması, bunun üçün lazımlı gübrələrin istehsalının həyata keçirilməsi və ölkənin bu gübrələri xaricdən alarkən valyuta axınının qarşısının alınmasıdır.
X.Cəfərov zavodun işə düşməsi ilə əlaqədar ixtisaslı mütəxəssislərə ehtiyac olacağını bildirib, BANM-ın tələbələrinin Karbamid Zavodunda istehsalat təcrübə proqramları keçmələri, məzunların isə işə cəlb olunmaları məsələlərindən söz açıb. Vurğulanıb ki, zavodun ingilisdilli, gənc və ixtisaslı kadrlara böyük ehtiyacı var.
BANM-ın rektoru Elmar Qasımov bildirib ki, ali məktəbin dünya standartlarına cavab verən xüsusi tədris proqramları ilə hazırlanan ingilisdilli gənc mühəndisləri bu gün SOCAR-ın müxtəlif müəssisələrində və aparıcı transmilli şirkətlərdə uğurla vəzifələrini yerinə yetirirlər.
Sonra suallar cavablandırılıb, tələbələr zavodun fəaliyyəti ilə tanış olublar.