BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər səsli hərracların yekunlarına görə 5 bankın iştirakı ilə bağlanmış əqdlərin həcmi 692 min dollar olmuşdur. Hərrac sessiyasının açılış məzənnəsi 1 dollar üçün 4916 manata bərabər idi. Tələbat təklifə bərabər olmuş, sessiyanın bağlanış məzənnəsi isə dəyişməmişdir.
Birja elektron hərracları sistemində (BEST) bank sifarişlərində göstərilən ABŞ valyutasının qiyməti orta hesablanmış məzənnə həddində olmuşdur. USD/AZM T+0 aləti ilə BEST-də 3,644 milyon dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 17,919 milyard təşkil edir. Bir əqdə orta hesabla 303,67 min dollar düşmüşdür. Tələbat olmadığından dilerlər T+1, T+2 alətləri üzrə əqd bağlamamışlar. Banklar EUR/AZM, RUR/AZM üzrə BEST-ə sifarişlər verməmişlər.
Milli Bank BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,1 milyard manat həcmində kreditlər yerləşdirmək üçün sifarişlər vermişdir. Avqustun 5-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.