İQTİSADİYYAT
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC: Bir illik uğurlu fəaliyyətin hesabatı
“ADA” Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayır
Bakı, 18 mart, Elvin Camalov, AZƏRTAC
Martın 18-də Heydər Əliyev Mərkəzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılmasının bir illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, “Bakı Limanının dünəni, bu günü və sabahı: Hesabat” adlı tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin diqqəti sayəsində bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi nəqliyyat sektorunun da dinamik inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov qazanılan uğurların əsasında Prezident İlham Əliyevin siyasi iradəsinin, eləcə də Limanın kollektivə göstərdiyi yüksək etimadın dayandığını qeyd edib. “Limanın gələcək inkişafı “HUB” konsepsiyasının dolğunluğunu, iqtisadi-siyasi, sosial və praktiki əhəmiyyətini, faydalılığını bir daha sübut edəcək”, - deyə T.Ziyadov bildirib.
Baş direktor məlumat verib ki, ötən il ümumi liman üzrə konteyner sayı 2013-cü illə müqayisədə 118 faiz artaraq TEU ekvivalentində 13 min 307-ə çatıb. 2015-ci ildə Bakı limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı da ötən illərə nisbətən 10 faiz artıb və 10 min 707 nəfər təşkil edib. 2015-ci ildə Əsas Yük Terminalında tranzit yüklərin həcmi ümumi yük dövriyyəsinin 46 faizinə bərabər olub.
T.Ziyadov müqayisə üçün bildirib ki, 2014-cü ildə Bakı Limanında aşırılan tranzit yükləri ümumi yük dövriyyəsinin cəmi 2 faizini təşkil etdiyi halda, hazırda bu göstərici 85 faizdir. 2015-ci ildə ümumi liman üzrə 3 milyon ton yük aşırılmışdırsa, 2016-cı ildə bu rəqəmin 6 milyon tondan çox olacağı proqnozlaşdırılır. Görülən işlərin nəticəsi olaraq 2015-ci ildə Liman tərəfindən Azərbaycan büdcəsinə 4 milyon manatdan çox vəsait ödənilib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğunun, Azərbaycan da daxil olmaqla, regionda yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “ADA” Universitetinin mövzu ilə bağlı geniş elmi tədqiqat apardığını bildirən Hafiz Paşayev deyib ki, tədqiqatın nəticələri “Azərbaycan Mərkəzi Asiyanın regional mərkəzi kimi” kitabında əksini tapıb. Bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayır.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakı Limanının gördüyü işlərə nəzər salaraq, fəaliyyətindəki irəliləyişlərə toxunub. “Nəqliyyat infrastrukturuna, tranzit potensialına dövlət tərəfdən böyük diqqət ayrılıb. Bu sahələrə böyük investisiyalar yatırılıb. Avtomobil yolları, hava yolları, gəmiçilik, dəmir yolları, bir sözlə, Liman da daxil olmaqla bütün infrastrukturların beynəlxalq səviyyəyə çatması üçün addımlar atılıb. İndi isə azad ticarət zonası tipli xüsusi iqtisadi zona yaradılır və biz birgə əlaqələndirilmiş iş rejimində bu zonanı da Azərbaycanın brendinə çevirəcəyik”, - deyə S.Babayev vurğulayıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard və BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat Limanın fəaliyyətini izlədiklərini, görülən işləri yüksək qiymətləndirdiklərini bildirib, kollektivə gələcək addımlarında uğurlar arzulayıblar.
Sonra Bakı Limanına həsr edilən videoçarx nümayiş etdirilib.
Xatırladaq ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Prezident İlham Əliyevin 2015-ci il 18 mart tarixli Sərəncamı ilə yaradılıb və həmin vaxtdan yeni hüquqi statusda fəaliyyətə başlayıb.