ELM VƏ TƏHSİL
Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun günü keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.
Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün 105 yaşlı Universitetimizin həyatında əlamətdar və unudulmaz gündür. 5000-dən çox məzun yaddaşlarına daimi həkk olunacaq tələbəlik illəri ilə vidalaşıb, ömür yollarının yeni mərhələsinə qədəm qoyur. BDU ailəsinin bir parçası olan məzunların hər biri Universitetin tarixində yeni bir səhifə yazıb. Bu, sizin gələcəkdəki böyük nailiyyətlərinizin başlanğıcıdır. Bu yolda müəllimlərinizin, ailələrinizin və yaxınlarınızın da əməyi danılmazdır. Siz xalqımızın və dövlətimizin yeni mərhələyə qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı və dayanıqlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz”.
Rektor qeyd edib ki, bu il Məzun günü BDU-nun yaranmasının 105 illik yubileyinə təsadüf edir. 105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlamış Universitetdə bu gün 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-ə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, Mükəmməllik Mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. BDU ölkəmizdə rəqabətədavamlı və intellektli insan kapitalının formalaşmasına xidmət göstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəflə yerinə yetirir. Hazırda Universitetdə tədris prosesi tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində, müasir, innovativ təlim texnologiyaları əsasında qurulur.
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.
Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gənclərə tövsiyə və arzularını çatdıran nazir onların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini ifadə edib, dövlətin həmişə gənclərin yanında olduğunu deyib.
Elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, ölkə üzrə bu il 85 mindən çox tələbə məzun adını qazanıb. Onlardan 56 mindən çoxu ali təhsil müəssisələrindən məzun olur. BDU-nu isə 5000-dən çox tələbə bitirir. Nazir müavini, həmçinin qeyd edib ki, təhsil sistemi qlobal çağırışlara cavab verməli, əmək bazarı yeni bilik, bacarıqlar və kompetensiyalar əsasında formalaşmalıdır.
Sonra BDU haqqında videoçarx nümayiş olunub.
BDU Himayəçilər Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Türkiyənin Adana Şəhəri Təhsil İdarəsinin müdir müavini Murat Sert, Vətən Müharibəsi Qəhrəmanı, Ali Hərbi Məktəbin rektoru vəzifəsini icra edən polkovnik Nizami Mövlanov, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.
BDU-nun sıx əməkdaşlıq etdiyi Türkiyənin İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyt Tuymabaev, Çin Xalq Respublikasının Anhui Universitetinin prezidenti Sun Şangyin, Yaponiyanın Tsukuba Universitetinin prezidenti Nagata Kyosuke və BDU-nun tanınmış məzunları 105 yaşlı Universitetə və məzunlara təbriklərini çatdırıblar.
Tədbirin özəl qonağı Türkiyənin ilk astronavtı Alper Gezeravcı olub. Gezeravcı BDU məzunlarının özəl gününü təbrik etməkdən məmnunluğunu bildirib: "Həyatınızda böyük iz buraxacaq anı yaşayırsınız. Əminəm ki, həyatda bacarmaq istədiyiniz hədəflərə universitet təhsili sayəsində nail olacaqsız. Bundan sonrakı karyeranızda sizə uğur olsun!".
Tədbirdə BDU-nun Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzununa sertifikat və hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜÖMG-yə malik olan BDU tələbələrinin adları həkk edilib.
Tədbir konsert proqramı ilə davam edib.