RƏSMİ XRONİKA
BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ TƏDRİS KORPUSUNUN TİKİNTİSİ İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Bakı Dövlət Universiteti yarandığı gündən etibarən 90 il ərzində böyük inkişaf yolu keçərək, Azərbaycan Respublikasında həyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, ölkənin elmi potensialının möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.
Bakı Dövlət Universitetində tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisinin başa çatdırılması və müasir texniki avadanlıqlarla təmin olunması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4,6 milyon (dörd milyon altı yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Bakı Dövlət Universitetinə ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2008-ci il.