İQTİSADİYYAT
BAKI FOND BİRJASINDA DÖVLƏT İSTİQRAZLARININ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ KOMİSSİYA HAQLARINDA DƏYİŞİKLİK EDİLMİŞDİR
Bakı, 14 aprel (AZƏRTAC). Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir.
İclasda Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi üzrə birja komissiya haqlarına yenidən baxılması məsələsi müzakirə olunmuşdur.
BFB İdarə Heyətinin sədri Xəyal Abdinov dövlət qiymətli kağızlar bazarının müsbət inkişaf tendensiyasını təhlil edərək, investorların gəlirliliyinin artırılmasının qorunması, onların kapital bazarına yönələn maraqlarının dəstəklənməsi, təşəbbüslərin həvəsləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Məruzəçi 2009-cu ildə Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi zamanı birja tərəfindən tutulan komissiya haqlarının aşağı salınması barədə qərar qəbul edilməsindən danışaraq demişdir ki, bu qərar dövlət istiqrazlarının ilkin və təkrar bazarlarının stimullaşdırılmasını təmin etmişdir. Son zamanlar inflyasiyanın səviyyəsinin aşağı düşməsi ilə əlaqədar dövlət istiqrazlarının gəlirliliyinin də azalması nəzərə alınsa, BFB tərəfindən əlavə güzəştlərin tətbiq edilməsi məqsədəuyğundur.
Beləliklə, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiya haqlarının ümumilikdə təqribən 2 dəfə azaldılaraq müddəti 35 gün olan istiqrazlar üzrə 0,04 faiz, 91 gün olan istiqrazlar üzrə 0,07 faiz, 182 gün olan istiqrazlar üzrə 0,09 faiz, 364 gün olan istiqrazlar üzrə 0,25 faiz, 728 gün olan istiqrazlar üzrə 0,25 faiz və 1092 gün olan istiqrazlar üzrə 0,25 faiz səviyyəsində müəyyən edilməsi qərara alınmışdır.
Yeni komissiyalar 2010-cu il aprelin 15-dən qüvvəyə minəcəkdir.