“Bakı Gəmiqayırma Zavodu”nda robotlaşdırma prosesinə başlanılıb
Bakı, 5 iyun, AZƏRTAC
“Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) əsası qoyulandan bu günədək 11-dən çox layihə və 200-dən çox müxtəlif növ gəmilərin təmirini reallaşdırıb. Hazırda tikintisi davam edən 4 layihəmiz var. Onlardan ikisi tanker tipli gəmidir, biri Ro-Pax tipli gəmi, biri isə dib dərinləşdirici gəmidir.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində BGZ-nin nümayəndəsi Natiq Rzayev deyib.
O qeyd edib ki, tikintisinə başlamağı planlaşdırılan 4 layihə də var ki, onlardan 3-ü heyət daşımaq üçün olan gəmilər, 1-i isə dalğıc əməliyyatları üçün nəzərdə tutulmuş gəmidir.
“Bakı Gəmiqayırma Zavodu” MMC-nin sərgidə iştirakının əsas məqsədi sahə üzrə həmkarlarla əlaqələr qurub daha sıx əməkdaşlıqlar yaratmaq, BGZ-ni tanıtmaq və yeni müqavilələr imzalamaqdır. İnnovasiyaların tətbiqi istiqamətində artıq “Bakı Gəmiqayırma Zavodu”nun daxili strukturunun yenilənməsi, aparılan əməliyyatların daha sürətli, daha çevik və daha dəqiq, düzgün olması istiqamətində yeniliklərin tətbiqi prosesinə başlanılıb. Belə ki, “Bakı Gəmiqayırma Zavodu”nda robotlaşdırma istiqamətində bəzi işlərə artıq başlamışıq. Bu, zavodda robotlaşdırılmış qaynaq aparatlarının, qaynaq avadanlıqlarının tətbiqidir. Bu addımın insan faktoruna görə yarana biləcək xətaların aradan qaldırılması və yaxud onların olmaması üçün bizə dəstək olacağına inanırıq. Gələcəkdə robotlaşdırma prosesini daha geniş tətbiq etmək niyyətindəyik”, - deyə BGZ rəsmisi əlavə edib.