Bakı Limanı Dünya Limanlar Konfransı üçün “Xəzər” Gənclər Evinin könüllülərinə təlim keçib
Bakı, 5 may, AZƏRTAC
“Xəzər” Gənclər Evinin könüllüləri Bakıda keçiriləcək Dünya Limanlar Konfransının (IAPH Baku 2018) işində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına kömək edəcəklər. Limandan AZƏRTAC-a bildirilib ki, bunun üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən “Xəzər” Gənclər Evinin könüllülərinə xüsusi təlim keçirilib.
“Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan Dünya Limanlar Konfransı mayın 8-dən 11-nə kimi Bakıda keçiriləcək. Konfransa 64 ölkədən 355 iştirakçı qatılacaq.
Konfransda limanlar və logistika sahəsində sabitlik və təhlükəsizlik, innovativ avadanlığın tətbiqi, baş verən dəyişikliklərin ətraf mühitə təsiri məsələləri, informasiya texnologiyaları və logistik əməliyyatlar müzakirə ediləcək, qlobal və regional ticarət məsələlərinə dair maraqlı diskussiyalar aparılacaq, maddi-texniki məsələlər və bir çox digər mövzular təhlil ediləcək.
Konfransda “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyemin, “Forbes” və “BBC World”un əməkdaşı Ueyd Şepardın, “FMP Associates Ltd”nin direktoru və ”Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profittin, Triyest limanının prezidenti Zeno-d`Aqostinonun, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın, “Port of Le Havre”nin baş direktoru Erve Martellin, Şanxay Universitetinin professoru Teo Teotetomun çıxışları nəzərdə tutulub.
Maraqlı forum və diskussiyalarla yanaşı, “IAPH Baku 2018” konfransının iştirakçıları üçün əyləncəli tədbirləri və maraqlı ekskursiyaları nəzərdə tutan mədəni proqram hazırlanıb.
Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. IAPH hər il iri liman şəhərlərində konfranslar təşkil edir. Əvvəlki konfranslar Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Balidə (2017) keçirilib.