MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr edilmiş konsert olub
Bakı, 13 iyul, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş Orta ixtisas musiqi məktəb-studiya şagirdlərinin təntənəli yekun konserti keçirilib.
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının baş metodisti Natəvan Fərzəliyeva AZƏRTAC-a bildirib ki, bu tədbir bir növ 2021-2022-ci tədris ilinin silsilə konsertlərinin sonuncusu - hesabat konserti xarakteri daşıyıb. Musiqili proqram müxtəlif ixtisaslar üzrə tərtib olunub. Tədbirdə istedadlı şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.
Qeyd edək ki, məktəb-studiya BMA tələbələri üçün pedaqoji, konsertmeyster, lektorluq, ifaçılıq təcrübəsi üzrə baza olduğu üçün kafedra və məktəb arasında sıx əməkdaşlıq hökm sürür. Tələbələr məktəb-studiyanın konsertlərində, konfranslarında, açıq dərslərində, festival və müsabiqələrində mütəmadi olaraq fəal iştirak edirlər. Yekun konsertdə də BMA-nın təcrübəçi-tələbələri məktəb-studiyanın şagirdlərini müşayiət edərək dəstəkləyiblər.
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, professor Tərlan Seyidovun rəhbərliyi ilə bu təhsil ocağının yüksəkixtisaslı müəllimləri şagirdlərlə məhsuldar iş apararaq hər il yeni nailiyyətlərə imza atırlar.