CƏMİYYƏT
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ PAYTAXT SAKİNLƏRİNƏ MÜRACİƏT ETMİŞDİR
Bakı, 14 aprel (AZƏRTAC). 2010-cu ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərini şəxsiyyət vəsiqəsinin alınması və müəyyən səbəblərdən qüvvədən düşmüş hesab edilən vəsiqələrin dəyişdirilməsi istiqamətində fəal olmağa çağırır.
BŞBPİ-nin rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri bu işi sürətləndirmək və vətəndaşlara hər cür kömək etmək üçün səfərbər olunmuşlar.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, mövcud qanunvericiliyə görə, vətəndaş 16 yaşına çatdıqda şəxsiyyət vəsiqəsi almalıdır. 25, 35, 50 yaşına çatdıqda, soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itdikdə şəxsiyyət vəsiqəsini bir ay ərzində dəyişdirməlidir. Nəzərdə tutulmuş hallarda və müddətdə şəxsiyyət vəsiqəsi dəyişdirilmədikdə, qüvvədən düşmüş hesab edilir.
Qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsi hər bir vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədlər əsasında, ərazi üzrə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri tərəfindən müraciətdən ən geci 10 gün sonra verilir.