MƏDƏNİYYƏT
Bakı Slavyan Universitetində İTAR-TASS-ın nümayəndələri ilə görüş olmuşdur
Bakı, 20 dekabr (AZƏRTAC). Bakı Slavyan Universitetinin (BSU) jurnalistika fakültəsində Bakıda səfərdə olan İTAR-TASS agentliyinin Ümumi xəbərlər xidmətinin baş redaktoru Aleksandr Kopnovun və agentliyin İnformasiya-məlumat təminatı xidmətinin baş redaktoru Natalya Savinovanın tələbələrlə görüşü olmuşdur.
Qonaqlara BSU-nun strukturu və fəaliyyəti barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, slavyan dillərinin öyrənilməsi üzrə ixtisaslaşan universitetdə rus, çex, polyak, bolqar, slovak, Ukrayna, yunan dilləri üzrə mütəxəssislər hazırlanır.
BSU Beynəlxalq Kadr Akademiyasının, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının, Beynəlxalq Rus dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Ali məktəb tələbə mübadiləsi barədə Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Fransa, Yunanıstan, Çexiya, Polşa və Slovakiyanın ali məktəbləri ilə müqavilələr bağlamışdır.
Universitetin nəzdində mədəniyyət mərkəzləri və bazar günü məktəbləri yaradılmışdır. 2009-cu ildə Almaniyanın Bonn Universiteti ilə birgə layihə çərçivəsində Bakı Slavyan Universitetində Almaniyadan olan tələbələrin Azərbaycan və rus dillərini öyrənməsi üçün yay məktəbi açılmışdır.
Universitetin “Səfir saatı” klubunda müxtəlif ölkələrin Azərbaycandakı səfirləri müntəzəm olaraq öz ölkələrinin mədəniyyəti, tarixi və iqtisadiyyatı haqqında məruzələrlə çıxış edirlər.
Qonaqlar Rusiyanın ən böyük İTAR-TASS informasiya agentliyinin Xəbərlər və məlumat təminatı informasiya xidmətinin işindən danışmış, tələbələrin suallarına cavab vermişlər.