ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin tələbələri Pamukkale Universitetində təcrübə keçmişlər
Bakı, 23 sentyabr (AZƏRTAC). Cari ilin may ayında Bakı Slavyan Universiteti (BSU) və Türkiyənin Pamukkale Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Pamukkale Universitetində təcrübə keçmişlər.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, proqram çərçivəsində Pamukkale Universitetinin rektoru, professor Hüseyin Bağcı BSU-nun müəllim və tələbə heyətini qəbul etmişdir. Eyni zamanda, tələbələr universitetlə tanışlıq zamanı kitabxana, teatr mərkəzi, bu ali təhsil ocağının muzeyləri ilə də tanış olmuşlar.
Türk dili təcrübəsi əldə edilməklə yanaşı, türk ədəbiyyatı, iqtisadiyyatı, tarixi, coğrafiyası, siyasəti mövzularında da mühazirələr dinlənilmişdir.
On beş gün davam edən bu təcrübə tələbələr üçün faydalı olmuş və qarşıya qoyulan məqsədə nail olunmuşdur.
Sonda yay məktəbini uğurla başa vuran tələbələrə sertifikat və müxtəlif hədiyyələr verilmişdir.