CƏMİYYƏT
“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqres iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konqres iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn konqres iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.