İQTİSADİYYAT
Bakıda açılan sərgidə Yaponiyanın 40-dan çox şirkətinin məhsulları nümayiş olunur
Noyabrın 14-də Bakıda Yaponiya şirkətlərinin istehsal etdiyi məhsulların sərgisi açılıb. Sərgidə 40-dan çox şirkət öz məhsullarını nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, “Birinci Yaponiya biznes festivalı” adlanan ikigünlük sərgi bu ölkənin “AS Global Management Co. LTD” şirkəti və “Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi tərəfindən təşkil olunub.
Açılış mərasimində çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi sərginin iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin inkişafına mühüm təsir göstərəcəyini vurğulayaraq bildirib ki, məqsəd yapon şirkətlərinin Azərbaycanda daha yaxşı tanınmasına və yeni biznes əlaqələrinin qurulmasına yardım göstərməkdir.
Sərginin birinci günü iş adamaları və mütəxəssislər, ikinci günü isə kütləvi ziyarətçilər üçün nəzərdə tutulub. Sərgidə əsasən yüngül sənaye məhsulları, suvenirlər, zərgərlik məmulatları, təbii kosmetik vasitələr, texniki avadanlıqlar üçün aksesuarlar, mətbəx avadanlığı, qida məhsulları, şərablar və digər məhsullar nümayiş olunur.