Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının birinci iş günü maraqlı müzakirələrlə yadda qalmışdır

Bakı, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də Bakıda Gülüstan sarayında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda iki gün davam edəcək Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edir.

Tədbirdə əvvəlcə Azərbaycanın tarixindən, mədəniyyətindən, turizm imkanlarından, təbii sərvətlərindən, ölkə iqtisadiyyatının sürətli inkişafından, eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından bəhs edən film nümayiş etdirilmişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov VII Baş Assambleyanı açıq elan edərək bildirmişdir ki, insan və təbii resursları ilə dünyanın ən böyük regionu olan Asiya ölkələrində özünü göstərən inkişaf modelləri bəşəriyyətin yeni istiqamət və formalarını müəyyənləşdirməkdədir.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçən qısa müddətdə böyük uğurlara imza atdığını deyən Ə.Əhmədov torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının acı nəticələrindən də danışmışdır. Azərbaycanın güclü, sivil, modern dövlət qurmaq modelini seçdiyini qeyd edən icra katibi məhz bunun nəticəsində ölkəmizin müstəqil siyasət yeritdiyini diqqətə çatdırmışdır.

İcra katibi demişdir ki, birgə səylərimiz dünyanın ən böyük regionunun siyasi partiyalarını birləşdirən İCAPP-ı mötəbər beynəlxalq quruma çevirmək iqtidarındadır.

Tədbirin uğurla keçəcəyinə, təşkilatın gələcək işlərinə əhəmiyyətli impuls verəcəyinə əminliyini qeyd edən Ə.Əhmədov bildirmişdir ki, bu yaxınlarda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Təşkilatı təsis edilmişdir. Əhalisinin əhəmiyyətli hissəsini gənclərin təşkil etdiyi Asiya regionunda belə bir qurumun yaradılması çox mütərəqqi haldır. Eyni zamanda, gənclərin fəallığını daha da artırmaq, Asiya gənclərinin birliyinə dəstək vermək üçün İCAPP çərçivəsində gənclərin festivalının keçirilməsi də maraqlı və faydalı olardı. Yeni Azərbaycan Partiyası belə bir festivalın Azərbaycanda keçirilməsinə məmnuniyyətlə təşkilatçılıq edə bilər.

Digər təklifimiz Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Təşkilatının yaradılması ilə əlaqədardır. Asiya bölgəsi üçün belə bir qurumun yaradılmasının nə qədər önəmli olduğunu əsaslandırmağa, yəqin ki, heç bir ehtiyac yoxdur.

Düşünürəm ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Qadınlar Təşkilatının yaranması barədə ilkin razılaşma VII Baş Assambleya çərçivəsində qadın iştirakçıların yığıncağında qəbul oluna bilər.

Baş Assambleyanın işinə uğurlar arzulayan Yeni Azərbaycan Partiyasının sədr müavini müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulamışdır.

Sonra İCAPP VII Baş Assambleyasına sədrlik səlahiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevə verilmişdir.

Dövlətimizin başçısı xaricdə səfərdə olduğuna görə sədrlik səlahiyyətlərini rəmzi olaraq qəbul edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur.

Daha sonra BMT-nin baş katibi Pan Gi Munun Baş Assambleyaya ünvanlanmış videomüraciəti nümayiş etdirilmişdir. Baş katib Assambleyanın işinə uğurlar arzulamış, gündəlikdəki məsələlərin əhəmiyyətini vurğulamışdır.

İCAPP-ın təsisçisi, qurumun icraçı sədri və Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin keçmiş sədri Xose de Venesia çıxış edərək, Asiyada siyasi partiyaların güclü qüvvəyə çevrilməsi istiqamətində lazımi tədbirlərin görülməsinin vacibliyini bildirmişdir. İCAPP-ın məqsədlərinə xidmət edən bir neçə qurumun fəaliyyətinin bölgədə vətəndaş cəmiyyəti quruculuğuna, siyasi proseslərə və qarşılıqlı anlaşmaya böyük fayda verdiyini vurğulayan X.Venesia Asiyada sülhün və barışığın təmin edilməsinin önəmini diqqətə çatdırmışdır.

Azərbaycanın müstəqillik dövründə mühüm uğurlar qazandığını deyən X.Venesia demişdir ki, ölkədə yoxsulluğun səviyyəsinin 7 faizədək azaldılması, yüz minlərlə yeni iş yerinin açılması ilə insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Fikrimcə, hər bir dövlətin və xalqın yeganə düşməni yoxsulluqdur. Ona görə də hər bir dövlət çalışmalıdır ki, öz ölkəsini inkişaf etdirsin və sosial problemləri həll etsin. Bunların nəticəsində ümumi Asiya regionunda birgə inkişafa və uğurlara nail olmaq mümkündür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan X.Venesia qeyd etmişdir ki, problemin sülh yolu ilə həlli üçün birgə danışıqlar aparılmalı və siyasi barışığa nail olunmalıdır.

Çin Xalq Siyasi Məsləhət Konfransının (CPPCC) vitse-prezidenti və CPPCC Katibliyinin üzvü Du Qinglin İCAPP-ın yarandığı gündən əməkdaşlıq, ümumi maraqlar, qarşılıqlı əlaqələr prinsiplərinin bərqərar olunmasına çalışdığını vurğulamışdır.

Çıxışında əsasən Asiyada sülhün və sabitliyin bərqərar olunmasını diqqət mərkəzində saxlayan D.Qinglin bildirmişdir ki, sülh, inkişaf və əməkdaşlıq hazırda həllini gözləyən ən mühüm vəzifələrdən biridir. Asiyada çox vacib olan siyasi inkişaf təmin edilmişdir. Asiya ən böyük potensiala malik olan, dinamik regiona çevrilmişdir.

Müxtəlif ölkələrin siyasi partiyaları qarşılıqlı etimada, siyasi inkişafa nail olmaq üçün sıx əməkdaşlıq etməlidirlər. Çünki inkişafın əldə olunması üçün sülh və sabitlik çox mühüm əhəmiyyət kəsb edir.

Çində dinamik inkişafın davam etdirilməsi istiqamətində mühüm qərarların qəbul olunduğunu vurğulayan qonaq, hazırda ölkəsində qeyri-bərabərliyin aradan qaldırılmasının diqqət mərkəzində saxlanıldığını söyləmişdir.

Kamboca Krallığının Baş nazirinin müavini və Kamboca Xalqları Partiyasının lideri Sok An çıxışında VII Baş Assambleyada müzakirə edilən məsələlərin böyük qlobal təsirə malik olacağına inandığını bildirmişdir. O demişdir: “Böyük siyasi təcrübəyə malik olan insanların bir araya gələrək fikirlərini bölüşməsi baxımından belə tədbirlər çox əhəmiyyətlidir. Biz Bəyannamə qəbul etməklə məqsədlərimizi təsdiq edirik və Asiya ölkələrində qlobal sülhün, əməkdaşlığın, sabitliyin yaradılmasına, münaqişələrin aradan qaldırılması üçün həll yollarının tapılmasına nail ola bilərik. Bizim əsas məqsədimiz əhalinin rifahı, regionda əməkdaşlıq, münaqişələrin aradan qaldırılmasıdır”.

Kambocada aparılan uğurlu islahatlar nəticəsində əhalinin maddi rifahının artdığını, yoxsulluğun aşağı salındığını vurğulayan Sok An demişdir ki, bu istiqamətdə aparılan islahatlar nəticəsində ölkəsində siyasi sabitliyə nail olunmuşdur. O, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmiş, VII Baş Assambleyanın səmərəli keçəcəyinə inamını ifadə etmişdir.

Banqladeşin sabiq Prezidenti, Jatiyo Partiyasının sədri Hussain Muhammad Erşad çıxışında əsasən Asiya regionunda təhlükəsizlik, sabitlik, insan hüquq və azadlıqlarının təmini, gender problemləri məsələlərinə geniş yer ayırmışdır. O, tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirmişdir. H.M.Erşad xalqımızın yüksək qonaqpərvərliyini və mehribanlığını xüsusi qeyd etmişdir.

Nepalın sabiq Baş naziri, Nepal Kommunist Partiyasının lideri Madhav Kumar Nepal isə bildirmişdir ki, ICAPP artıq Asiyanın siyasi partiyalarını sülh və rifah naminə ümumi məqsədlərə yönəldə bilmişdir. ICAPP-ın əsas vəzifəsi regionda sülh və təhlükəsizliyi təmin etmək, vətəndaş cəmiyyətində təbəqələşməni aradan qaldırılmaqdır. Biz çalışmalıyıq ki, regionda qarşılıqlı səmərəli əməkdaşlığı inkişaf etdirək və bölgəmizdə tez-tez baş verən təbii fəlakətlər zamanı bir-birimizə lazımi köməyi, yardımı göstərə bilək.

Sonra Belçikanın sabiq Baş naziri, Avropa Xalq Partiyasının sədri Uilfrid Martinsin videomüraciəti nümayiş etdirildi. Müraciətdə əsasən, silahlanmanın qarşısının alınması, sülh və sabitlik, təhsil, iqtisadi yüksəliş məsələləri vurğulanmışdır. Qeyd olunmuşdur ki, müasir dünyamızda sülh hər şeyin əsasında dayanır. Bu məqsədlərə nail olunması üçün siyasi iradə və əməkdaşlıq olduqca mühüm əhəmiyyət kəsb edir.

ICAPP-ın baş katibi və Daimi Komitəsinin həmsədri Çanq Eui-Yonq Daimi Komitənin 18-ci iclasında qəbul olunan qərarları və qurumun 2011-2012-ci illər üçün əsas fəaliyyəti ilə bağlı hesabatı təqdim etmişdir.

Daha sonra İCAPP-ın VII Baş Assambleyası işini bölmə iclasları ilə davam etdirmişdir.

Nepal Konqresinin beynəlxalq əlaqələr departamentinin rəhbəri və Baş nazirin sabiq müavini xanım Sujata Koiralanın sədrlik etdiyi birinci plenar iclasda Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev çıxış etmişdir.

Ölkəmizin enerji sahəsinin mövcud vəziyyəti və qlobal enerji problemlərinin həllindəki rolundan danışan nazir bildirmişdir ki, Azərbaycanın xarici şirkətlərlə bağladığı 30-a yaxın müqavilə nəticəsində neft sənayesinə 45 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Bu da ölkəmizdə neft ixracında yüksək artıma səbəb olmuşdur. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində respublikamızda inkişaf dinamikası daha da güclənmişdir. Uğurla davam etdirilən neft strategiyası ölkəmizi regionda lider dövlətə çevirmişdir.

N.Əliyev demişdir ki, Azərbaycan 21 illik müstəqilliyi dövründə əldə etdiyi uğurlar nəticəsində Xəzər-Qafqaz regionunda sürətlə inkişaf edən ölkəyə və dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında ölkəmizin sənaye və yanacaq-energetika kompleksinin mühüm rolunu diqqətə çatdıran N.Əliyev bildirmişdir ki, hazırda respublikamızın ümumi daxili məhsulunun 54,9 faizi sənayenin müxtəlif sahələrində istehsal olunur.

Nazir qeyd etmişdir ki, ölkənin neft-qaz sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda neft hasilatı 1990-cı illərin əvvəlləri ilə müqayisədə 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artmışdır.

Hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin layihədə nəzərdə tutulmuş ötürücülük qabiliyyəti 1 milyon barreli keçmişdir. Azərbaycan 3 neft və 4 qaz ixrac boru kəməri ilə dünya bazarlarına ildə təxminən 40 milyon ton xam neft və 7 milyard kubmetr qaz nəql edir.

Azərbaycan ixrac potensialı ilə dünyanın və özünün enerji təhlükəsizliyində mühüm rol oynayır. 2010-cu ildə Azərbaycanda yeni - “Ümid” qaz yatağı aşkar edilmişdir. “Abşeron” yatağının da kəşfi ilə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatı 2 trilyon 650 milyard kubmetrə çatmışdır.

O, son illərdə Azərbaycan ilə Asiya ölkələri arasındakı əlaqələrin strateji əməkdaşlıq ruhunda inkişaf etdiyini vurğulamış, bu tədbirin Azərbaycan ilə Asiya ölkələri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirmişdir.

Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov Bakının gözəlliyindən heyrətləndiyini vurğulamışdır. Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirən G.Züqanov bildirmişdir ki, bu zəfərin qazanılmasında Bakı nefti çox böyük rol oynamışdır. O demişdir: “Mən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev ilə yaxın dost olmuşam. Heydər Əliyev ən böyük dövlət xadimi və siyasi xadim idi. Biz ondan çox şeyi öyrənirdik. Çox yaxşı haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev onun siyasətini uğurla davam etdirir”.

Belə bir tədbirin yeni böhranlar dalğası zamanı keçirildiyini vurğulayan G.Züqanov demişdir ki, Asiya ölkələri əsasən bu böhranlara qarşı daha dayanıqlıdırlar. Son illər göstərir ki, dünyada baş verən münaqişələrin aradan qaldırılmasında belə tədbirlərin əhəmiyyəti çox mühümdür. Dünyanın digər ölkələri Çinin təcrübəsindən öyrənməlidirlər. Çünki Çin bazar iqtisadiyyatını dövlət tənzimlənməsi ilə elə uzlaşdırmışdır ki, nəticədə yüksək inkişaf təmin olunur.

Rusiyanın Avropa və Asiya arasında körpü olduğunu vurğulayan G.Züqanov qeyd etmişdir ki, yeni İpək Yolu və Şimal yolu yük daşınmasında və iqtisadi əlaqələrin inkişafında çox mühüm əhəmiyyət kəsb edir. O demişdir ki, bu yolların yaradılmasında Azərbaycanın və Rusiyanın çox böyük xidmətləri vardır.

G.Züqanov əlaqələrin genişləndirilməsi üçün Parlament İttifaqının yaradılmasını da təklif etmişdir.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının sədri və Mərkəzi Komitənin üzvü Hoang Binh Quan Asiya regionunun dünyada iqtisadi artımın mərkəzinə çevrildiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, dinamik inkişafın saxlanılması üçün regionda sülh və sabitliyin bərqərar olunması çox vacibdir. Buna görə də bölgəni zəiflədən münaqişələrin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Münaqişələri aradan qaldırmaq üçün Asiyanın aparıcı siyasi partiyaları sıx əməkdaşlıq etməli, vahid prinsip əsasında fəaliyyət göstərməlidirlər. Asiyada davamlı sürətli inkişaf yalnız qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində mümkün olacaqdır.

Sudan Prezidentinin köməkçisi və Sudanın Milli Konqres Partiyasının vitse-prezidenti Nafie Ali Nafie Ahmed Bakıda belə bir tədbirin keçirilməsindən və ölkəmizdə olmaqdan məmnunluğunu bildirmişdir.

Qeyd edilmişdir ki, Asiya ölkələrində iqtisadi yüksəlişin və rifahın təmin olunması baxımından sağlam əsaslara söykənən əməkdaşlığın qurulması çox vacibdir. Sudan Afrika və ərəb ölkəsi olmaqla faydalı əməkdaşlığa can atır ki, sülh yaradılsın, inkişaf təmin edilsin.

İranın İslam Motalefeh Partiyasının Mərkəzi Komitəsinin üzvü və sabiq vitse-prezident Həsən Qafuri çıxışında əsas diqqəti gənclərin ictimai siyasi fəallığının artırılmasına yönəltmişdir. O, bu baxımdan Gənclər Forumunun təsis edilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, Asiya ölkələri siyasi partiyalarının əməkdaşlığının gücləndirilməsi məqsədilə ICAPP-ın xəbərlər agentliyinin yaradılması, eləcə də ICAPP ticarət palatasının qurulması, qurumun üzvü olan siyasi partiyaların ofisinin yaradılması və digər təkliflərlə çıxış etmişdir.

Koreya Respublikasının Saenuri (Yeni Cəbhə) Partiyasının üzvü, Koreya Milli Assambleyasında ICAPP Parlamentarilər İttifaqının sədri Huanq Jin-Ha Bakıda belə bir mötəbər tədbirin yüksək səviyyədə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Əsas diqqəti Koreya yarımadasındakı gərginliyə yönəldən qonaq beynəlxalq birliyin bu gərginliyin aradan qaldırılmasına çalışdığını vurğulamışdır. Qeyd olunmuşdur ki, yarımadadakı gərginlik bölgə ölkələrinin dinamik inkişafına ciddi təhlükədir.

Bu baxımdan biz ICAPP-ın Bakı Bəyannaməsində Koreya yarımadasında gərginliyin aradan qaldırılması ilə bağlı müddəanın daxil edilməsini alqışlayırıq.

Birinci plenar iclasdan sonra VII Baş Assambleyanın iştirakçıları xatirə şəkli çəkdirdilər.

İCAPP-ın VII Baş Assambleyasının ikinci bölmə iclasına sədrliyi Livan Baş nazirinin müşaviri, Gələcək Hərəkat Partiyasından olan Fadi Favaz etmişdir.

İkinci bölmə iclasında çıxış edən COPPPAL sədrinin müavini Qustavo Karavaxal Moreno bildirmişdir ki, əgər biz bir qitədə sülh və firavanlıq istəyiriksə, bütün bölgələrdə bu prosesin təmin olunmasına çalışmalıyıq. O, COPPPAL-ın təmsil etdiyi bölgədə fəaliyyəti - əsasən də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan hüquqlarının təmin olunması və digər sahələrdə gördüyü işlərdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, ICAPP-ın, eləcə də COPPPAL-ın daha səmərəli fəaliyyət üçün birgə səy göstərilməli, yaxından əməkdaşlıq edilməlidir.

İndoneziyanın GOLKAR Partiyasından olan Happi Bone Zulkarneyn ölkəsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərindən bəhs etmiş və demişdir ki, keçmişdən qalan məsələləri yalnız əməkdaşlıq və sülh yolu ilə həll etmək olar. O, təmsil etdiyi partiya ilə ICAPP arasında sıx əməkdaşlığın olduğunu vurğulamış, bu prosesin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.

Pakistanın Camiyət Ulema-e-İslam Partiyasından parlamentin deputatı Maulana Fazl-ur-Rahman Bakıda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə görə YAP rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Asiyada yoxsulluğun azaldılması və savadsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayan M.Rahman demişdir ki, bu problemin həlli üçün region ölkələri bir-biri ilə yaxından əməkdaşlıq etməlidirlər. Bu baxımdan ICAPP mühüm rol oynaya bilər.

Gələcək dünyamızda Asiya qitəsinin rolu daha da böyük olacaqdır, - deyən M.Fazl-ur Rahman bu məsələdə insan kapitalının inkişaf etdirilməsinin əhəmiyyətini bildirmişdir. Məhz bu baxımdan Asiya dövlətləri təhsilə, səhiyyəyə xüsusi diqqət yetirməli, yardım üçün ticarəti inkişaf etdirməlidir.

Tacikistanın İslami Dirçəliş Partiyasının sədri Mühiddin Kabirov Azərbaycanın inkişaf modelinin bölgənin digər ölkələri üçün nümunə olduğunu diqqətə çatdırmışdır. Tacikistan sülhün və təhlükəsizliyin inkişafına mühüm töhfə verir. Çünki ölkəmiz qarşıdurmalardan böyük ziyan görmüşdür. Bundan başqa, Assambleyanın bəyannaməsində Suriya və Fələstin məsələsi ilə bağlı müddəaların salınması da olduqca əhəmiyyətli məsələdir.

Kambocanın Funcinpec Partiyasının sədri, bu ölkənin Kral Hökumətinin müşaviri Keo Puth Reasmey YAP-ın ICAPP-ın VII Baş Assambleyasına çox uğurla ev sahibliyi etdiyini vurğulamışdır.

Asiya qitəsində tarixən münaqişələrin çox olduğunu vurğulayan qonaq bu proseslərin regionun dinamik inkişafına mane olduğunu bildirmişdir. Bu münaqişələrin, əsasən də strateji resurslar uğrunda baş verən qarşıdurmaların aradan qaldırılması üçün sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi çox vacibdir.

Bu baxımdan ICAPP-ın üzərinə də böyük məsuliyyət düşür.

Qazaxıstanın Nur Otan Partiyasının sədr müavini Bakitjan Sagintayev Bakının və Astananın ICAPP-ın iclaslarına ev sahibliyi etmələrini Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu təşkilata mühüm önəm vermələrinin göstəricisi olduğunu vurğulamışdır.

Qazaxıstanın nüvəsiz dünya siyasətinin tərəfdarı olduğunu vurğulayan qonaq bildirmişdir ki, ölkəsi yaxın vaxtlarda nüvəsiz dünyanın qurulması ilə bağlı beynəlxalq tədbir keçirməyi planlaşdırır. Qazaxıstanın nüvə silahından imtina etməsi Bakı Bəyannaməsinə daxil edilməlidir, - deyə o bildirmişdir.

Nepal Konqresinin beynəlxalq əlaqələr departamentinin rəhbəri və Baş nazirin sabiq müavini xanım Sujata Koirala Asiyada regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, əgər sülhə doğru getmək istəyiriksə, əvvəlcə sabitliyi təmin etməliyik. Asiyanın siyasi partiyaları da region ölkələrinin inkişaf etdirilməsi üçün əməkdaşlıq siyasətini dəstəkləməlidirlər. Siyasi partiyaların, parlamentlərin, xalqların birgə səyləri olmadan biz səmərəli fəaliyyətə nail ola bilmərik. Bununla yanaşı, biz informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən də istifadə etməliyik.

Malayziyalı Çinlilər Assosiasiyasının sədri Çua Soi Lek bildirmişdir ki, Asiya sosial-iqtisadi inkişafa nail ola bilmişdir. Əməkdaşlığın əhəmiyyəti, kommunikasiya problemlərinin aradan qaldırılması, təhlükəsizlik, sülh və bərabərlik Asiya ölkələri üçün heç vaxt indiki qədər aktual olmamışdır. Biz öz regionumuzda güclü əməkdaşlığın təmin olunmasına, ərazi münaqişələrinin mümkün qədər tez həll edilməsinə çalışmalıyıq. Bu prosesdə Asiyanın bütün siyasi partiyalarının üzərinə çox böyük məsuliyyət düşür. O, sonda tədbirin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını bildirmişdir.

Azərbaycanın Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həm dinlərarası, həm də mədəniyyətlərarası dialoq baxımından Azərbaycanın təcrübəsinin dünya ölkələri tərəfindən öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan bu gün ölkəmizin daha 20 faiz ərazisini işğal etmişdir. Ancaq hələ də dünya birliyi, beynəlxalq qurumlar buna ciddi etiraz etmirlər. Əslində onlar bunu etmək istəmirlər. Beynəlxalq qüvvələrin əsas istəyi region ölkələrini zəif salmaq, bu regionda təsir gücünə malik olmaqdır. Ona görə də Asiya Ölkələrinin Parlament İttifaqı yaradılacaqsa, o zaman bu qurum beynəlxalq münaqişələrin həlli mexanizminə sahib olmalıdır.

Filippinin Liberal Partiyasından Nümayəndələr Palatasının üzvü Mel Senen Sarmiento inkişafa nail olmaq üçün münaqişələrin həllinin vacibliyini vurğulamış, Filippin ilə Mindanau vilayəti arasında gərginliyin aradan qaldırılmasındakı xidmətlərinə görə ICAPP-a minnətdarlığını bildirmişdir.

Beynəlxalq Ekoloji Təhlükəsiz Əməkdaşlıq Təşkilatının baş direktoru Jiang Minqjun çıxışında son illərdə dünyada baş verən ekoloji problemlərin, təbii fəlakətlərin nəticələrinin vaxtında aradan qaldırılması məsələlərinə geniş yer vermişdir. Bildirilmişdir ki, iqlim təhlükəsizliyi milli təhlükəsizlik səviyyəsinə qaldırılmalı, ekoloji fəlakətlərin nəticələrinin həlli üçün sıx əməkdaşlıq yaradılmalı, təbii fəlakətlər zamanı itkilərin azaldılması üçün xüsusi xəbərdarlıq sistemi qurulmalı, əhalinin təhsil səviyyəsi artırılmalıdır. Bütün bu amilləri ICAPP diqqət mərkəzində saxlamalıdır.

ICAPP-ın VII Baş Assambleyasının Türkiyənin Ədalət və İnkişaf Partiyasından parlamentin deputatı Ercan Candanın sədrliyi ilə keçən üçüncü plenar iclasında çıxış edən Tailandın Pheu Thai Partiyasından Nalinee Taveseen bildirmişdir ki, dövlətlər arasında inkişafa nail olmaq üçün sülhə və təhlükəsizliyə , eləcə də bir sıra fundamental problemlərin həllinə nail olmaq vacibdir. Bunun üçün siyasi partiyalar da vətəndaş cəmiyyətinin bir hissəsi kimi səylərini birləşdirməlidir.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov çıxışında cəmiyyətdə dəyişikliklərin baş verdiyi dövrdə iqtidar partiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulamışdır.

Asiyada sülhün və əməkdaşlığın bu gün çox böyük aktuallıq kəsb etdiyini bildirən R.Qurbanov region ölkələrində nüvə silahlanmasının bu prosesə ciddi təhdid olduğunu qeyd etmişdir.

Şri-Lankanın Birləşmiş Milli Partiyasının təşkilatçısı Daya Dharmapala Kilittuva Gamage tədbirin əsas devizi olan təhlükəsizlik və sülhün ölkəsində insanların əsas arzusu olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Şri-Lanka Asiya üçün həmişə çox əhəmiyyətli olmuşdur. Bu baxımdan Şri-Lankada baş verən siyasi prosesləri ICAPP daim diqqət mərkəzində saxlamalıdır.

ICAPP-ın VII Baş Assambleyasının yüksək səviyyədə təşkilinə görə Yeni Azərbaycan Partiyasına minnətdarlığını bildirən şri-lankalı qonaq ölkəmizdə gördüyü xoş münasibət və mehribanlığa görə təşəkkürünü bildirmişdir.

Malayziya Baş nazirinin xüsusi müşaviri Dato Seri Şahidan bin Kassim çıxışında yalnız əməkdaşlıq və mehriban münasibətlər vasitəsilə Asiyada sülhün, sabitliyin və sürətli inkişafın mümkün ola biləcəyini vurğulamışdır. Qeyd edilmişdir ki, Asiyanın zəngin iqtisadi və insan resurslarından istifadə olunarkən heç kim istisna edilməməlidir. Yalnız bu yolla biz bərabər inkişafı təmin edə bilərik. Asiya ölkələrində gənclərin fəallığının artırılmasının zəruriliyindən danışan qonaq onların təhsil almaları üçün dövlət tərəfindən əlverişli şəraitin yaradılmasının vacibliyini diqqətə çatdırmışdır.

Yaponiya Kommunist Partiyasının xarici əlaqələr komitəsi sədrinin müavini və beynəlxalq münasibətlər komissiyasının sədri Yasua Oqata Xəzərin sahilində yerləşən gözəl Bakı şəhərində yüksək səviyyədə keçirilən bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Asiyada sabitlik və inkişaf üçün çox gözəl potensial vardır. Yaponiya da bu potensialdan istifadə edərək həmin sahədə çox ciddi addımlar atmışdır. Burada əsas prinsip kimi münaqişələrin hərbi yolla deyil, diplomatik yolla həll olunması götürülməlidir.

Almaniyanın Hanns Seidel Fondunun nümayəndəsi Maks Corc Meyer çıxışında gənclərin və qadınların siyasətə cəlb edilməsinin cəmiyyətimizin inkişafına mühüm töhfələr verəcəyini bildirmişdir. Natiq bu baxımdan təşkilat daxilində bütün ölkələri təmsil edən siyasi partiyaların əməkdaşlığının genişləndirilməsini əhəmiyyətini diqqətə çatdırmışdır.

İran Partiyalar Evinin (İPH) Mərkəzi Şurasının üzvü və İPH-nin Daimi Komitəsinin təmsilçisi Qüdrət Əli Haşmetian çıxışında Azərbaycan Hökumətinə və YAP-a tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür etmişdir.

Qeyd olunmuşdur ki, beynəlxalq sülh və təhlükəsizliyin təmini və həqiqi demokratiyaya nail olmaq üçün beynəlxalq əlaqələrdə mədəniyyətlərin qarşılıqlı anlaşması və dəyərlərə hörmət, sağlam rəqabət, terrorizmə qarşı mübarizədə əməkdaşlıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi məsələlər vacibdir.

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası işini noyabrın 23-də plenar iclaslarla davam etdirəcəkdir.

Assambleyanın sonunda Bakı Bəyannaməsi qəbul olunacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniya La Liqası: “Barselona” qalib gəlib, “Real Madrid” xal itirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub